Naxçıvanda “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə 8–11 may 2026-cı il tarixlərində “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycan teatr mühitində yaradıcılıq mübadiləsini genişləndirmək, sənətkarlar arasında əməkdaşlığı gücləndirmək və tamaşaçılara zəngin səhnə nümunələri təqdim etməkdir.
Festivalın açılış mərasimi 8 may saat 17:00-da baş tutacaq. Həmin gün Azərbaycan Dövlət Pantomima Teatrının iştirakı ilə tədbirlər davam edəcək və saat 19:00-da Nikolay Vasilyeviç Qoqolun “Şinel” tamaşası nümayiş olunacaq.
Mayın 9-da festival çərçivəsində “Pantomima: aktyor sənətinin tərkib hissəsi kimi” mövzusunda ustad dərsi keçiriləcək. Dərs Ceyhun Dadaşov tərəfindən aparılacaq. Günün davamında “Teatr marketinqi - XXI əsr” mövzusunda panel müzakirə təşkil olunacaq. Paneldə rəqəmsal iqtisadiyyat üzrə ekspert Təhməsib Quluzadə çıxış edəcək. Axşam saatlarında isə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının təqdimatında Mirzə Fətəli Axundovun “Müsyö Jordan” tamaşası rus dilində nümayiş olunacaq.
Mayın 10-da Türkiyəli sənətçi-yazar Mehmet Ümit Görgülü tərəfindən ustad dərsi keçiriləcək. Həmin gün həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərovun iştirakı ilə “Rəqəmsal dövrdə teatrın transformasiyası, süni intellekt və teatr” mövzusunda müzakirə baş tutacaq. Günün sonunda Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Hüseyn Cavidin “Ana” tamaşası təqdim olunacaq.
Festivalın bağlanış mərasimi 11 may saat 17:00-da keçiriləcək. Həmin gün saat 19:00-da isə Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” tamaşası nümayiş etdiriləcək.
Dörd gün davam edəcək festival çərçivəsində müxtəlif teatr kollektivlərinin çıxışları, ustad dərsləri və panel müzakirələr təşkil olunacaq. “Şərqin qapısı” Teatr Festivalı həm peşəkar teatr xadimləri, həm də sənətsevərlər üçün əlamətdar mədəniyyət hadisəsi kimi yadda qalacaq.








