
Ata aliment ödəməkdən imtina edərsə nə etmək olar? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ata aliment ödəməkdən imtina edərsə nə etmək olar?
Cavab: Alimentin ödənilməməsi, məhkəmə qərarını icra edilməməsi cinayət və inzibati məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçiliyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsinin 528 ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
İnzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxs, cəzasını çəkdikdən sonra aliment ödənilməsini davam etdirməlidir. Məsuliyyətə cəlbetmə heç bir halda aliment öhdəliyini aradan qaldırmır. Aliment öhdəliyinin qəsdən yerinə yetirilməməsi şəxsin valideynlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər.
Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev