
Əmək müqaviləsi olmadan işçi işlətmək olarmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək müqaviləsi olmadan işçi işlətmək olarmı? Əgər işlədirərsə cəzası nədir?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək, hüquqi şəxslər isə 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir.
Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunur.
Qeyd edək ki, yuxarıdakı maddədə “xeyli sayda” dedikdə, 10 nəfər və ondan çox işçilərin sayı nəzərdə tutulur. Yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilir.
Sualı cavablandırdı: Babək rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas - Gülçin İsgəndərova