Ov nədir və hansı müddətlərdə edilə bilər? -

Ov nədir və hansı müddətlərdə edilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ

17 İyul 2025

Sual: Ov nədir və hansı müddətlərdə edilə bilər?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarına əsasən quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır.

Respublika ərazisində ov mövsümünün başlanmasını və müddətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir və bu barədə media ilə əhaliyə məlumat verilir. Ov obyektinə aid edilən vəhşi heyvanların ayrı-ayrı növlərinin ov mövsümündə tutulmasının və vurulmasının norması (sayı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir.

Ov mövsümündə ov edilməsinə ərazinin epizootik durumundan asılı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən günlərdə yol verilir. Ovçulara ovun yalnız bu günlər ərzində ov obyektlərinin hər növünə ayrıca verilən ov etmək üçün icazədə göstərilən normaya uyğun ov etməyə icazə verilir. Ov etmək üçün icazədə ov obyektlərinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazədə göstərilən normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur. Göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür.

Ov üçün qapalı olan yerlərdə və qadağan edilmiş vaxtda zooloji material toplamaq məqsədilə və başqa elmi məqsədlərlə ovlanması qadağan edilməyən vəhşi heyvanlar yalnız müvafiq elmi təşkilatların müraciətinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə tutulur və vurulur. Bu məqsədlər üçün vəhşi heyvan və quşlar yalnız ovçular tərəfindən ovlanır.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov.