Azərbaycan və Vyetnam Naxçıvandakı "yaşıl enerji" layihələrini müzakirə edib

Azərbaycan və Vyetnam Naxçıvandakı "yaşıl enerji" layihələrini müzakirə edib

09 Sentyabr 2026

Azərbaycan və Vyetnam arasında Naxçıvanda 200 MVt-lıq külək və günəş enerjisi layihələrinin həyata keçirilməsi müzakirə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir vurğulayıb ki, bu barədə müzakirələr Vyetnamın "ROX Energy Global" şirkətinin baş icraçı direktoru Pham Minh Tuan ilə keçirilən görüşdə aparılıb.

"200 MVt gücündə külək enerjisi layihəsi üzrə görülən işləri və Naxçıvanda günəş enerjisi layihəsinin həyata keçirilməsi imkanlarını müzakirə etdik", - deyə nazir bildirib.

O qeyd edib ki, Naxçıvanın enerji sisteminin gücləndirilməsi, Türkiyə ilə elektrik bağlantısının yaradılması və "yaşıl enerji"nin Türkiyə bazarına ixracı kontekstində yeni layihələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə Vyetnamın "ROX Group" SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd, Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və biznes forumu çərçivəsində imzalanıb. Bu Anlaşma Memorandumu batareya saxlama sistemləri, şəbəkədən kənar və şəbəkəyə qoşulan günəş enerjisi sistemləri, quruda və dənizdə külək enerjisi, hidrogen və ammonyak istehsalı sahəsində əməkdaşlığı nəzərdə tutur.