Azərbaycanın vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) başlıca hədəfi ədalətli, şəffaf və dayanıqlı vergi sisteminin formalaşdırılmasıdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu DVX-nin rəisi Orxan Nəzərli "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildib.
Onun sözlərinə görə, keçən ilin sonunda Dövlət Vergi Xidmətinin strukturunda əhəmiyyətli dəyişikliklər həyata keçirilib və bir sıra yeni qurumlar təsis edilib: "Strateji Planlaşdırma və Təşkilati Risklərin İdarə Olunması Baş İdarəsi, Daxili Audit Baş İdarəsi, Data Analitika İdarəsi "Big Data", süni intellekt və müasir analitika artıq vergi administrasiyalarının gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib.
Bu yeni istiqamətlər fəaliyyətin daha şəffaf, effektiv və nəticəyönümlü şəkildə qurulması məqsədilə formalaşdırılıb. Data analitika vasitəsilə risk modellərinin tətbiqini genişləndirəcək və vergidən yayınmanın müəyyən olunmasında proaktiv rolu gücləndirəcəyik".
O. Nəzərli vurğulayıb ki, əsas hədəf davamlı inkişafı dəstəkləyən rəqəmsal ekosistemin yaradılmasıdır.
Onun fikrincə, qarşıya qoyulan məqsəd təkcə rəqəmsallaşma deyil, ağıllı qərar qəbuletmə mexanizmini təmin edən, məlumatlara söykənən və davamlı tərəqqini stimullaşdıran rəqəmsal ekosistemin qurulmasıdır: "İstifadəçi yönümlü sistemlər, risklərin erkən müəyyənləşdirilməsi və rəqəmsal həllərin siyasət formalaşdırılmasına verdiyi dəstək bu ekosistemin əsas komponentlərini təşkil edir. Məhz bu yanaşma idarəetmədə çevikliyi, operativliyi və nəticəyönümlülüyü gücləndirir. Təsadüfi deyil ki, cari ildə ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısı bu yaxınlarda keçirilən "Azərbaycanın Yeni Rəqəmsal Arxitekturası" adlı vahid fəaliyyət planına həsr edilmiş müşavirədə rəqəmsal inkişafın, süni intellektin tətbiqinin və data mərkəzlərinin yaradılmasının artıq qlobal tərəqqinin aparıcı meyllərindən birinə çevrildiyini vurğulayıb, bu istiqamətin ölkəmizin uzunmüddətli inkişaf strategiyasında prioritet mövqe tutduğunu qeyd edib".
Eyni zamanda, O. Nəzərlinin sözlərinə görə, dövlət qurumlarında rəqəmsallaşmanın dərinləşdirilməsi, süni intellekt və kibertəhlükəsizlik sahələrinə xüsusi önəm verilməsi, xidmətlərin vahid platformalar vasitəsilə təqdim olunması kimi məsələlər strateji vəzifə olaraq təyin edilib.
"Vergi inzibatçılığı da bu böyük transformasiya prosesinin ayrılmaz bir hissəsidir. Gələcəyin vergi sistemi artıq yalnız retrospektiv yanaşma ilə kifayətlənmir. Bu gün əsas sual "nə baş verib" deyil, "nə baş verəcək"dir. Real vaxt rejimində data analitikası, risk əsaslı nəzarət modelləri, məlumatların idarə olunması çərçivəsi, süni intellekt və maşın öyrənməsi qərarların intuisiyaya deyil, faktlara söykənərək verilməsini mümkün edir. Bu yanaşma həm dövlət, həm də vergi ödəyiciləri üçün daha proqnozlaşdırıla bilən, şəffaf və ədalətli mühitin yaranmasına şərait yaradır", - DVX-nin rəisi bildirib.








