Bəşəriyyətin ekoloji ayna önündə hesabatı
İqlimin nə anlama gəldiyini məktəb vaxtı Coğrafiya dərsliyindən oxuyub-öyrənmişdim. Onda deyilirdi ki, təbiətə zərər vurmamaq üçün yandırıcı vasitələrdən istifadə etməməliyik - çünki bir kolun yanmasına səbəb olsaq, bu, bütöv bir meşənin və onun sakinlərinin yanmasına da gətirib çıxara bilər.
Yanan meşə elə “yanan” nəfəs deməkdir axı. Öyrətdilər ki, insanlığımızı qoruyaq, çünki insan qala bilməsək meşə yandırmağın fəlakət olduğunu onsuz da anlamayacağıq...
Coğrafiya dərsliyindəki iqlimlə insan yaşayan yer kürəsinin iqlimi bir-birinə qarışıb lap çoxdan. Sənayeləşmə başlayandan bu yana...
Sənaye İnqilabından sonra qlobal miqyasda artan ekoloji fəsadlar planetin ekosistemində kifayət qədər dərin izlər qoyub. Hansını sadalayım? Çoxdur axı... Böyük sənaye dövlətləri tərəfindən atmosferə buraxılan milyardlarla ton karbon qazının qlobal istiləşməyə və iqlim anomaliyalarına səbəb olduğu istixana qazları emissiyalarınımı deyim? Amazon meşələrinin müxtəlif məqsədlər üçün qırılmasınımı deyim? Biomüxtəlifliyə ağır zərbə vuran Sakit Okeandakı "Zibil Sahəsi" haqqındamı danışım? Tarixdən bu günədək həyata keçirilən nüvə sınaqlarınımı deyim? Çernobıl və Fukusima qəzalarını və sairlərin qlobal miqyasda ekoloji tarazlığı pozmağınımı deyim? Mənə elə gəlir ki, yer kürəsi insanlıqdan yorulub, çünki onun “səxavətindən” sərhədsiz sui-istifadə etmişik. İndi də səhvimizi “düzəltməyə” çalışırıq.
Ancaq elə özümüz də görürük ki, iqlim artıq təbiətin tənzimləyici funksiyasını təbii şəkildə icra etməkdə çətinlik çəkir. Elə buna görə də qlobal “çağırışlar” edərək insanlardan kömək və dəstək gözləyir. İqlim artıq coğrafi anlayış və ya termindən çıxıb, dünya siyasətinin və iqtisadi maraqların kəsişdiyi əsas mərkəzə çevrilib. Gəlin ətraflı baxaq, qlobal iqlim nədir? Və ya, iqlim niyə qloballaşıb? Və bir də dövrün tələbi-iqlim diplomatiyası nədir bəs?
İqlim heç vaxt yalnız bir ölkənin iqlimi olmayıb. İqlim dəyişikliyinin səbəbləri və nəticələri milli sərhədləri aşdığı üçün bu məsələ qlobal siyasi idarəetmə probleminə çevrilib.
Elmi dairələrdə iqlim dəyişmələrinin qlobal miqyasda müzakirəsi hələ XX əsrin ikinci yarısından-xüsusən də 1970-ci illərdən etibarən başlasa da, qlobal iqlim siyasətinin institusional əsası 1988-ci ildə BMT tərəfindən İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin yaradılması və 1992-ci ildə Rio-de-Janeyro Sammitində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının qəbul edilməsi ilə qoyulub. Məhz həmin dövrdən etibarən iqlim bəşəriyyətin ortaq təhlükəsizlik məsələsinə çevrilib.
Təbiətin tarazlığını bərpa etmək təşvişi ilə artıq çox təşəbbüslər göstərilir, bir çox işlər görülür. İnsan anlayır ki, dənizi çirkləndirmək öz bədənini zəhərləmək deməkdir. Çünki, süfrəsindəki balıq onun tullantısıyla qidalanıb. Tarazlıq elə budur: təbiət xəstədirsə, insan da xəstədir.
Təşviş təşəbbüsü təşviq edir artıq. İqlimin qorunması üçün qlobal emissiyaların azaldılması layihələri işlənir. Bərpaolunan enerjiyə keçid sürətlənir. Meşə massivləri qorunur və hətta səhralarda belə meşələr salınır. Paris Sazişi, Kioto Protokolu bu prosesdə həlledici rol oynayıb artıq. Diplomatik vədlərdən və qlobal sənədlərdən fərqli olaraq, reallıqda dəyişiklik edən praktiki nümunələr də var. Hansı ki, Danimarka, Böyük Britaniya və Uruqvay enerji şəbəkələrini yaşıl mənbələrə keçirib. Aİ karbon sərhəd tənzimlənməsi mexanizmi-CBAM tətbiq edir. Həmçinin Avropa İttifaqı ölkələri ümumilikdə yaşıl enerji keçidində liderlik edir.
İqlim diplomatiyası dövlətlərin ekoloji təhlükəsizliyi qorumaq, emissiyaları azaltmaq və qlobal istiləşmə ilə mübarizə etmək üçün apardığı siyasi və praktiki danışıqlar prosesidir.
Lakin bu sahədə sual hələ də açıq qalır: ölkələr iqlim üzərindən bazar qururlar, yoxsa həqiqətən dünyanın iqlimini qoruyurlar? Reallıq odur ki, bu iki istiqamət bir-biri ilə sıx bağlıdır. Karbon bazarları, yaşıl istiqrazlar və emissiya ticarəti iqlim siyasətini böyük iqtisadi maraqlarla əlaqələndirir. Bir çox dövlətlər üçün yaşıl iqtisadiyyata keçid təkcə təbiətin xilası deyil, həm də gələcəyin texnoloji bazarlarında lider olmaq uğrunda mübarizədir. Bununla belə, qlobal platformalar olmadan ekoloji böhranla təkbaşına mübarizə aparmaq əlbəttə ki, çətindir. Tək əldən səs çıxmaz. Sammitlər, konfranslar, tədbirlər şərtdir. Qlobal iqlimdən danışmaq üçün təşkil edilən iqlim sammitləri ölkələr üçün hüquqi öhdəlik yaradır, əsas töhfəni isə sammitdən sonra kömür stansiyalarını bağlayan, günəş-külək parkları tikən və yaşıl texnologiyaların qiymətini ucuzlaşdıran ölkələr verir. Görünən odur ki, nümunəvi ölkələr sırasında biz də varıq.
Həm də, Azərbaycanın ekoloji rolundan danışsam gərək imperiya və sovet idarəçiliyinin istismar və sui-istifadə, ardınca da uzun illər davam edən dağıdıcı işğal dövrünə gedib çıxam.
Həmin istismar dövründə Abşeronda intensiv neft hasilatı aparılıb, təmizlənməyən neft gölləri yaranıb, Bakı və Sumqayıt sənaye qovşaqlarının ağır ekoloji fəsadları yerli əhaliyə olduqca mənfi təsirlər göstərib və daha nələr. Eyni zamanda, işğal dövrünün ekoloji terroru da var, hansı ki, çox yaxın tarixdədir. 30 il ərzində 20 faiz torpağımızda, Qarabağ və Şərqi Zəngəzurda meşələrin kütləvi qırılması, Bəsitçay qoruğunun məhv edilməsi və Oxçuçayın zəhərlənməsi təbiətimizə vurulan ağır yaralar olub. Ekosid..Urbusid...
Ölkəmiz yadelli idarəçiliyi dövrünün istismar və israfçılığının fəsadlarını müstəqil qərar verdiyi zamandan bu günədək məhz öz gücünə aradan qaldırdı. Torpaqlarımızın işğal altında qaldığı, ədalətin utanc duyduğu o ağır illərdən bəri, dünya səhnəsinə siyasi, iqtisadi, sosial və beynəlxalq müstəvidə tamamilə fərqli, güclü bir imic təqdim edən işlər gördü. Dünyan liderlərini bir masada toplayan Əsrin müqaviləsindən tutmuş, TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, habelə Xəzərin yaşıl enerjisini Avropaya daşıyacaq yaşıl enerji dəhlizləri layihələrinə qədər hər bir addım bu iradənin təzahürüdür.
Azərbaycan artıq tarixi ekoloji mirası aradan qaldırmaq və qlobal iqlim hədəflərinə töhfə vermək üçün qətiyyətli addımlar atıb və atmaqda davam edir. Sovet dövründən qalma neft gölməçələri qurudulub. Bibiheybət və Ağ Şəhər əraziləri təmizlənərək yaşıllıq zonalarına çevrilib. Milli parkların ərazisi dəfələrlə artırılıb. Ölkəmiz Paris Sazişi çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə mühüm hədəflər götürmüş və öz yaşıl gündəliyini qlobal səviyyədə möhkəmləndirmişdir. Çünki, ölkənin iqlim diplomatiyası milli maraqları qlobal çağırışlarla uzlaşdıran praqmatik xəttə əsaslanır. Milli maraqlara enerji təhlükəsizliyinin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz ölkəsi kimi formalaşan imicin yaşıl enerji ixracatçısı statusu ilə zənginləşdirilməsi və işğaldan azad edilmiş ərazilərdə yaşıl zona konsepsiyasının həyata keçirilməsi daxildir.
Azərbaycan qlobal iqlim evinə sadəcə ev sahibi kimi deyil, konkret layihələrlə töhfə verir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda tətbiq olunan "yaşıl zona" konsepsiyası, alternativ enerji mənbələrindən istifadə, ekoloji baxımdan təmiz nəqliyyat və "ağıllı kənd/şəhər" layihələri birbaşa beynəlxalq səviyyədə qəbul olunan Sıfır tullantı hədəflərinə xidmət edir.
Sözümün canı odur ki, ölkəmiz sadəcə bir tədbir məkanı deyil, qlobal iqlim dialoqunun mühüm platformalarından birinə çevrilib. Və bunu nümunəvi layihələrlə də əyani şəkildə nümayiş etdirir. Əslində gərək nümunəvi, təhlükəsiz, multikultural, tolerant-bir sözlə sülh ölkəsi olasan ki, dəyirmi masada dünya liderlərinin dialoq məkanı sənin ölkəndə ola. Bir sözlə, iqlim diplomatiyasının gücü elə ölkənin içindəki sülhdən, sabitlikdən və qazanılan etimaddan başlayır. Çünki əsl qlobal dialoq ancaq sülh olan yerdə kök salır. Ekoloji tarazlığı bərpa etmək isə sadəcə təbiəti deyil, həm də bəşəriyyətin gələcəyini qorumaq deməkdir. Bu yolda atılan hər bir addım sabahkı dünyaya verəcəyimiz ən təmiz hesabatdır.
Əfruz İBRAHİMQIZI
Jurnalist








