Vergi daxilolmalarının artım səbəbləri açıqlanıb
2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 172,3 milyon manata yaxın olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bölmə rəisi Qəzənfər Bayramov bildirib.
Onun sözlərinə görə, hesabat dövründə büdcəyə daxil olan vergilərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz və ya 11,6 milyon manat artıb.
“Dövriyyələrin şəffaflaşdırılması sahəsində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin və könüllü ödəmənin əhəmiyyətli dərəcədə yüksəlməsi, vergi inzibatçılığında həyata keçirilən islahatlar, eləcə də iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə olunan artım templəri muxtar respublikada vergi daxilolmalarının artımına səbəb olub”, – deyə Qəzənfər Bayramov qeyd edib.
Bölmə rəisi bildirib ki, qeyri-dövlət sektorundan daxilolmalar 125,7 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz və ya 15,3 milyon manat çoxdur.
“Ödənilən vergilərin 73 faizi qeyri-dövlət sektorunun, 27 faizi isə dövlət sektorunun payına düşüb”, – deyə o bildirib.
Qəzənfər Bayramovun sözlərinə görə, 2026-cı ilin yanvar-avqust aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar da artıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz yüksələrək 3,2 milyon manat olub.
Bölmə rəisi qeyd edib ki, 1 yanvar 2026-cı il tarixindən muxtar respublikada 10 illik geniş vergi güzəştləri və sosial sığorta subsidiyalarının tətbiqinə başlanılıb.
“Özəl sektor üçün yaradılan əlverişli vergi mühiti biznes fəaliyyətini stimullaşdırmaqla yanaşı, vergi öhdəliklərinin könüllü şəkildə yerinə yetirilməsinə də müsbət təsir göstərir. Bunun nəticəsində könüllü bəyanetmə və könüllü ödəmələrin həcmi artır, vergi uçotu daha şəffaf aparılır”, – deyə Qəzənfər Bayramov vurğulayıb.
O əlavə edib ki, qeyd olunan amillərin məcmusu büdcəyə vergi daxilolmalarının artımında, xüsusilə də qeyri-dövlət sektorundan daxilolmaların 13,8 faiz yüksəlməsində öz əksini tapıb.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








