Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılması nə deməkdir? – İxrac üçün yeni imkanlar yarana bilər
Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zonanın yaradılması nəzərdə tutulur. Bəs bu, Naxçıvan üçün nə deməkdir və fermerlərə, heyvandarlığa və məhsulların ixracına necə təsir göstərə bilər?
“NAXÇIVANXƏBƏRLƏRİ”-nə ekspert Vahid Həsənov bu barədə açıqlama verib. O, belə izah edir ki, məsələ yalnız heyvanların xəstəlikdən qorunması ilə məhdudlaşmır. Burada məqsəd Naxçıvanda beynəlxalq baytarlıq standartlarına uyğun nəzarət və izləmə sistemi formalaşdırmaq və regionun dabaq xəstəliyindən azad statusunun tanınmasına nail olmaqdır.
Prezident İlham Əliyevin təsdiq etdiyi qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramında da heyvan xəstəliklərindən azad təsərrüfatların – kompartmentlərin yaradılmasının təşviqi, heyvanların identikləşdirilməsinin davam etdirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Sadə dillə desək, dabaq xəstəliyindən azad zona müəyyən bir ərazidə heyvanların sağlamlığının sistemli şəkildə izlənildiyi və xəstəliyin əraziyə daxil olmasının və yayılmasının qarşısını alan xüsusi baytarlıq nəzarət rejiminin tətbiq edildiyi zona deməkdir.
Burada hər heyvanın harada saxlanıldığı, hansı təsərrüfata aid olduğu, peyvənd olunub-olunmadığı və zəruri hallarda haradan hara daşındığı izlənilə bilir.
"AQTA-nın məlumatına görə, Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılması prosesi artıq başlanıb. Bunun üçün epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyası və qeydiyyatının tamamlanması, heyvanların daşınmasının izlənilməsi və vaksinasiya tədbirləri həyata keçirilir.Bu sistemdə heyvanların qeydiyyata alınması və identikləşdirilməsi daha da əhəmiyyətli olacaq. Yəni fermerin təsərrüfatındakı heyvan haqqında məlumat sistemdə olmalıdır. Heyvanın peyvəndi, sağlamlıq vəziyyəti və hərəkəti izlənilə bilməlidir. Bu, ilk baxışdan fermer üçün əlavə tələb kimi görünə bilər. Lakin digər tərəfdən sağlam heyvan təsərrüfatının və təhlükəsiz məhsul istehsalının təsdiqlənməsi üçün mühüm mexanizm yaradır. Heyvanların identifikasiyası vasitəsilə heyvanın sahibi, təsərrüfatı və onunla bağlı digər məlumatların idarə edilməsi mümkündür", - deyə ekspert bildirib.
Vahid Həsənov bildirib ki, Naxçıvan üçün ən böyük iqtisadi əhəmiyyət isə ixracdır. Məsələnin iqtisadi baxımdan ən mühüm tərəfi məhz budur. Çünki bir çox ölkələr heyvan və heyvan mənşəli məhsulların idxalında məhsulun gəldiyi ərazinin heyvan xəstəlikləri üzrə sağlamlıq statusuna xüsusi diqqət yetirir. Məsələyə iqtisadi baxımdan yanaşdıqda, dabaq xəstəliyindən azad zona yaradılması Naxçıvanın heyvandarlıq sektorunun sadəcə baytarlıq təhlükəsizliyi layihəsi deyil, həm də potensial ixrac layihəsidir.
"Çünki məhsulun istehsal edilməsi qədər onun sağlamlıq statusunun beynəlxalq standartlarla təsdiqlənməsi də vacibdir. Naxçıvan üçün bu statusun əldə edilməsi heyvandarlıq məhsullarının rəqabət qabiliyyətinin artırılmasına, yeni bazarlara çıxış imkanlarının genişlənməsinə və regionda daha müasir heyvandarlıq təsərrüfatlarının formalaşmasına şərait yarada bilər. Yəni sadə dillə: məqsəd təkcə dabaq xəstəliyinin qarşısını almaq deyil. Məqsəd Naxçıvanda sağlam heyvandarlıq mühiti yaratmaq və gələcəkdə “Naxçıvanda istehsal olunub” ifadəsini xarici bazarlar üçün daha etibarlı sağlamlıq göstəricisinə çevirməkdir", - deyə o, qeyd edib.








