Cinayət təqibi üzrə icraat hansı hallarda dayandırıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət təqibi üzrə icraat hansı hallarda dayandırıla bilər?
Cavab: Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər:
1. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda;
2. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda;
3. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə;
4. təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda;
5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqib olunan şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi və ya xarici dövlət tərəfindən verilməsi məsələsi qanunla müəyyən olunmuş qaydada qoyulduqda;
6. insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edildikdə.
7. məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar cinayət təqibi zamanı mülki-prosessual qanunvericiliyə uyğun olaraq qərarın icrası məhkəmə tərəfindən dayandırıldıqda.
Cinayət təqibi üzrə icraat dayandırıldıqda cinayət işi üzrə icraat, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat da dayandırılır.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı








