Əməyin təhlükəsizliyi sahəsi üzrə daha 5 dövlət standartı təsdiq edilib

Əməyin təhlükəsizliyi sahəsi üzrə daha 5 dövlət standartı təsdiq edilib

08 İyul 2026

Azərbaycanda əməyin təhlükəsizliyi sahəsi üzrə növbəti 5 dövlət standartı təsdiq edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Qeyd edilib ki, cari il ərzində hazırlanması nəzərdə tutulan 60 dövlət standartından ilk olaraq təsdiq edilən bu standartlar iş yerlərində əməyin mühafizəsinin gücləndirilməsi, işçilərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, eləcə də beynəlxalq standartların tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Təsdiq edilən standartlar hündürlükdən yıxılmaya qarşı enerji udma qurğuları, vibrasiyadan qoruyan xüsusi ayaqqabılar, sudan, neft yağlarından və mexaniki təsirlərdən qoruyan rezin xüsusi çəkmələr, statik elektrikdən qorunma vasitələri, eləcə də ayaqları deşilmədən qoruyan fərdi mühafizə vasitələri üzrə ümumi texniki tələbləri və sınaq metodlarını müəyyən edir.

Sözügedən standartlar fərdi mühafizə vasitələrinin keyfiyyət və təhlükəsizlik göstəricilərinin artırılmasına, istehsalat risklərinin azaldılmasına, iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunmasına və əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin tətbiqinə xidmət edir.

Qeyd edək ki, təsdiq edilən bütün standartlar "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Dövlət Proqramı"na dair Tədbirlər Planının icrası çərçivəsində istinad standartları kimi hazırlanıb.