Ermənistan “Tramp yolu” ilə bağlı İrana zəmanət verib

Ermənistan “Tramp yolu” ilə bağlı İrana zəmanət verib

08 İyul 2026

Ermənistan regional kommunikasiyaların açılması imkanlarından istifadəyə imkan verəcək mexanizm hazırlamalıdır. Bu zaman ABŞ-ın mümkün iştirakı ilə bağlı İran üçün yarana biləcək risklər və təhdidlər də nəzərə alınmalıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami çərşənbə günü keçirdiyi mətbuat konfransında ABŞ-ın "TRIPP" ("Tramp marşrutu") layihəsini şərh edərkən bildirib.

"İranın öz sərhədləri yaxınlığında amerikalıların mövcudluğu ilə bağlı narahatlığı tamamilə məntiqlidir. Bu narahatlıqlara aydın cavab verilməlidir", – diplomat qeyd edib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Tehrana bildirib ki, layihənin ABŞ-ın mümkün iştirakı ilə həyata keçirilməsi İran üçün heç bir çağırış və ya təhlükə yaratmayacaq.

TRIPP layihəsi ("Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu") Ermənistanın Zəngəzur  ərazisindən keçəcək strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.

Bu yol Azərbaycanın əsas hissəsilə ilə Naxçıvan MR-i də birləşdirəcək.

Dərc olunan konsepsiyaya əsasən, marşrut Ermənistanın yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək və ölkənin suverenliyinə toxunmayacaq. Bununla yanaşı, ABŞ-ın bu dəhlizin inkişafı ilə bağlı 99 ilədək müddətə xüsusi hüquqlar əldə edə biləcəyi bildirilir.

Layihə çərçivəsində yaradılacaq şirkətdə ilkin mərhələdə ABŞ tərəfinin 74 faiz, Ermənistanın isə 26 faiz paya sahib olacağı, razılaşmanın uzadılması zamanı Ermənistanın payının 49 faizə qədər artırıla biləcəyi qeyd olunur.

Mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı tərəflər TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişini, eləcə də Ermənistan-ABŞ hərtərəfli strateji tərəfdaşlıq xartiyasını ilkin olaraq razılaşdırıblar.