Fərdi əmək mübahisələri üzrə məhkəməyə müraciət müddəti nə qədərdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Fərdi əmək mübahisələri nədir və onların həlli üçün qanunla hansı iddia müddətləri müəyyən edilib?
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin tətbiqi zamanı yaranan fikir ayrılıqlarıdır.
Belə mübahisələrin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən:
1 ay ərzində – ümumi fərdi əmək mübahisələri üzrə;
1 il ərzində – pul və digər əmlak tələbləri, eləcə də vurulmuş ziyanla bağlı mübahisələr üzrə məhkəməyə müraciət edə bilər.
İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi ilə bağlı tələblərə isə iddia müddəti şamil edilmir.
Üzrlü səbəblərdən buraxılmış iddia müddəti mübahisəyə baxan orqan tərəfindən bərpa edilə bilər.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Rəmzi Həsənov








