Fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququna malikdirmi? -

Fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququna malikdirmi? - HÜQUQ MƏSLƏHƏTİ

04 İyun 2025

Sual: Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququna malikdirmi?

Cavab:  Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır:

1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;

2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.

Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər.

Cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir.

Cinayət mühakimə icraatı zamanı dövlət əmlakının mühafizəsi, habelə mülki iddia vermək hüququ olan fiziki şəxsin öz qanuni mənafelərini şəxsən müdafiə etmək imkanı olmadıqda, prokuror onların hüquqlarının müdafiəsi üçün mülki iddia verir və onu müdafiə edir. Mənəvi ziyanın ödənilməsinə dair iddianı prokuror yalnız zərər çəkmiş şəxsin xahişi ilə verə bilər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov