Gənclərin iştirakı ilə Xocalıya ithaf olunmuş tədbir keçirilib

Gənclərin iştirakı ilə Xocalıya ithaf olunmuş tədbir keçirilib

25 Fevral 2025

Fevralın 25-i Naxçıvan Dövlət Uşaq Teatrında Xocalı Soyqrımının 33-cü ildönümünə həsr olunmuş “Qisas qiyamətə qalmadı!” adlı tədbir keçirilib. Tədbirdə könüllü gənclər, müəllim, tələbə və məktəblilər, kursantlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Xocalı faciəsində həlak olmuş soydaşlarımızın, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova xüsusi amansızlıqla törədilən Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb, dəhşətli faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətin həyata keçirdiyi işlərdən danışıb. Prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun bu yöndəki məqsədyönlü fəaliyyətləri xüsusi qeyd olunub.

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Altay Cəfərli Xocalı qətliamı fonunda ermənilərin həmvətənlərimizə qarşı etnik təmizləmə siyasətindən bəhs edib. Fəal gənclərdən Nail Fərzəliyev faciə ilə bağlı qələmə alınmış şeir səsləndirib.

Cıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Böyük Zəfərdən və Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən də danışılıb, suverenliyin tam bərpası ilə nəticələnən və Böyük Qayıdış prosesinə mühüm töhfə olan bu qələbələrin önəmi vurğulanıb. Qeyd olunub ki, dövlət başçısının 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində şanlı Azərbaycan bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.

Çıxışların ardınca Xocalı dəhşətlərindən bəhs edən sənədli film izlənilib. “Altay” teatrının mövzu ilə bağlı hazırladığı ədəbi-bədii kompozisiya alqışlarla qarşılanıb. Tədbir çərçivəsində Xocalı hadisələrini özündə canlandıran rəsm sərgisi də nümayiş olunub.

Tədbir Xocalı Soyqırımı qurbanlarının xatirəsinin yad etmək, gənc nəsilə düşmənin qanlı cinayətlərini xatırlatmaq, gənclərin vətənpərvərlik ruhunu yüksəltmək məqsədlərinə xidmət edib.