İaşə sektorunda xarici ad dəbi - Dilimizi niyə qorumuruq?
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağında ölkə başçısı Azərbaycan dilinin qədimiliyi, saflığı, qorunmasının zəruriliyi ilə bağlı danışıb.
Dilin yad ünsürlə təhdid altında olması, məişətdə qorunmaması ciddi fəsadlar yaradır: söz ehtiyatı, ifadə imkanları məhdudlaşır, milli kimlik zəifləyir və nəsillərarası ünsiyyət prosesi çətinləşir. Ölkə başçısı da vurğulayır ki, "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır".
Bütöv bir cəmiyyətin məsuliyyəti reallıqda özünü necə göstərir?
Mövzu ilə bağlı filoloq Gülay Tahirli "NAXÇIVANXƏBƏRLƏRİ"-nə münasibət bildirib.
"Dil sadəcə ünsiyyət vasitəsi deyil, tarixin, mədəniyyətin, millət yaddaşının daşıyıcısıdır" deyən filoloq qeyd edib ki, xarici sözlərin ehtiyac olmadığı halda çox işlənməsi dilin mədəni kodlarının itməsinə gətirib çıxarır. Uzun illər boyunca yad dillərin basqısına məruz qalmış xalq olaraq indi müstəqilliyin imkanlarından bacardıqca istifadə etməli, dilimizi yad təsirlərdən qorumalıyıq. Hər xarici sözü dilimizə gətirdikdə dilimizin söz yaratma imkanlarını da məhdudlaşdırmış oluruq.
Qarşılığı olan sözləri xarici dildə işlətməyə isə ümumiyyətlə, gərək yoxdur, ana dilimizi qorumaq hər birimizin borcudur.
O, obyekt adlarında dilimizdə qarşılığı olan xarici adların işlənməsini dil üçün böyük təhlükə hesab edir:
Obyekt adları - mağazalar, restoranlar, reklam lövhələri hər gün minlərlə insanın qarşılaşdığı mətnlərdir. Obyekt adları həmçinin xəritələrə düşür, bəzən hansısa küçəni, məkanı məhz o obyektlə tanıyırlar. Qısacası, bir obyekt həm də mədəniyyət, tarix hadisəsi ola bilir. İnsanlar hər gün o mətnlərlə qarşılaşdıqları üçün normadan kənar sözləri belə özləri də bilmədən normal qəbul edirlər. Bu isə sözün əsl mənasında, dil üçün böyük təhlükədir. Ona görə də obyekt adlarına dilçi ekspertlərin nəzarət etməsi zəruri məsələdir.
Gülay Tahirli sahibkarların ad seçərkən dil məsələsində həssas olmalı olduqlarını vurğlayıb:
Ad seçimində əsas məsələ Azərbaycan dilidir. Öz ana dilimiz varkən xarici adlara üstünlük verməməliyik. Məsələn, Bakının bir çox yerində özümüzü Vətəndə hiss edə bilmirik. Obyekt adları ya ingiliscə, ya da ruscadır, bəzən menyularda belə Azərbaycan dilini görə bilmirik. Bu, dilimizə birbaşa hörmətsizlikdir. Bəzən sahibkarlar brend yaratmaq istəyirlər, bunu öz dilimizdə də etmək mümkündür, təki dilə sevgi və məsuliyyət hissi olsun. Məsələn, "İydə", "Buta" - çox gözəl deyilmi?
Problemin həlli ilə bağlı danışan filoloqun sözlərinə görə, sahibkarlar ad seçərkən dil ekspertləri ilə məsləhətləşməsi zərurətdir.
Çünki o obyektlər bir şəxs tərəfindən yaradılsa da, bütün vətəndaşların göz önündə olur və hər birimizin həyatına bir şəkildə təsir edir. Bu məsələlərə dövlət nəzarəti gücləndirilməli, daim nəzarətdə saxlanılmalı, adlara düzəliş və ya alternativlər üçün müəyyən vaxt verilməli, düzəliş olmadıqda müəyyən cərimələr tətbiq edilməlidir. əks halda, məsələ həllini tapmayacaq.
Müsahibəni hazırladı:
Nəzrin Umay











