Möminə Xatun türbəsinin bərpası istiqamətində görülən işlər açıqlanıb -

Möminə Xatun türbəsinin bərpası istiqamətində görülən işlər açıqlanıb - FOTO

28 Oktyabr 2025

Bu ilin oktyabr ayında “Atelier Erich Pummer GmbH” şirkəti Möminə Xatun türbəsi ətrafında iş meydançası üçün infrastrukturun yaradılması istiqamətində fəaliyyətini davam etdirib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Türkiyədən sifariş edilən ilk 16 konteyner Naxçıvana gətirilərək gömrük rəsmiləşdirilməsindən keçib. Yaxın günlərdə bu konteynerlərin quraşdırılmasına və tələb olunan yerlərə yerləşdirilməsinə başlanılacaq. Daha sonra isə materialların, alətlərin və zəruri avadanlıqların yerləşəcəyi digər konteynerlərin Bakıdan gətirilməsi planlaşdırılır.

Bütün texniki tələblərə cavab verən infrastrukturun yaradılması bərpa işlərinin uğurla icrası üçün əsas şərtlərdən biridir. Belə şəraitdə mütəxəssislərin diqqəti yayındırılmadan, yalnız bərpa prosesinə yönəldilir.

Oktyabr ayında türbəyə bitişik ərazilərdə zondlama tədbirləri də həyata keçirilib. Tikilinin müəyyən qədər meyilli olması və illər ərzində şaquli istiqamətdən yayınma ilə bağlı monitorinq sənədlərinin mövcud olmaması bu tədqiqatları xüsusilə vacib edib.

Aparılan kompleks geotexniki işlər çərçivəsində müxtəlif dərinliklərdə quyular qazılıb, nümunələr götürülərək Bakıdakı laboratoriyalara göndərilib. Bu prosesdə Almaniyanın “Grundwasser Consulting Ingenieurgesellschaft GmbH” şirkətinin mühəndis-müşaviri cənab Michael Ziesche də iştirak edib.

Bundan əlavə, SPT (Standart Penetrasiya Testi) sınaqları vasitəsilə torpaq sıxlığı müəyyən edilib, ərazinin coğrafi və geoloji xüsusiyyətləri təhlil olunub.

Geotexniki işlərlə yanaşı, müasir georadar texnologiyasından istifadə etməklə geofiziki tədqiqatların aparılması da planlaşdırılır. Bu məqsədlə təcrübəli italyan mühəndisinin cəlb olunması istiqamətində danışıqlar aparılır və araşdırmaların noyabr ayında həyata keçirilməsi nəzərdə tutulur.

İlin sonuna qədər türbənin mövcud meylini nəzərə alaraq xüsusi layihə əsasında tikinti iskelelərinin gətirilməsi planlaşdırılır. Paralel olaraq, abidənin bərpası və konservasiyası üçün ən optimal yanaşmanın müəyyənləşdirilməsinə kömək edəcək tarixi və elmi sənədlərin tədqiqi də davam etdirilir.