Naxçıvan Dövlət Milli Dram Teatrında Hüseyn Cavidin “Ana” əsərinin ictimai baxışı keçirilib -

Naxçıvan Dövlət Milli Dram Teatrında Hüseyn Cavidin “Ana” əsərinin ictimai baxışı keçirilib - FOTO

23 Oktyabr 2025

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında dahi dramaturq Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın ictimai baxışı baş tutub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tamaşa teatrın bədii şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və bədii dəyərinə, rejissor həlli ilə fərqlənən səhnə quruluşuna görə teatrın daxili repertuarına qəbul olunub. Əsər 24 oktyabr saat 17:00-da, Hüseyn Cavidin anım günü münasibətilə tamaşaçılara təqdim ediləcək.

Səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, rejissor assistenti Leyla Yaqubova, musiqi rəhbəri isə Hüseyn Nağıyevdir. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında, Hüseyn Nağıyevin rəhbərliyi ilə üç fərqli və müasir versiyada hazırlanıb.

Əsərdə xalq artisti Yasəmən Ramazanova, eləcə də gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, Saynur Babayev, Əlizamin Abbasov, Ələsgər Quliyev, İsmayıl Mirzəcanov və Seyfəddin Məmmədli çıxış edirlər. Aktyorların səmimi və emosional ifası əsərin dərin mənəvi-əxlaqi məzmununu tamaşaçılara təsirli şəkildə çatdırır.

Qeyd edək ki, “Ana” tamaşası 2025-ci il üzrə Naxçıvan Dövlət Milli Dram Teatrının hazırladığı yeddinci uğurlu səhnə əsəridir.