Oktyabr - Cavidlər ayı

Oktyabr - Cavidlər ayı

23 Oktyabr 2025

Oktyabr ayı ədəbiyyat tarixində “Cavidlər ayı” kimi tanınır. Bu təsadüfi deyil. Məhz bu ay Hüseyn Cavid irsi ilə bağlı bir sıra önəmli tarixləri özündə birləşdirir. 2 oktyabrda Turan Cavid, 22 oktyabrda Ərtoğrul Cavid, 26 oktyabrda isə böyük şair və dramaturq Hüseyn Cavidin doğum günləri qeyd olunur. Bu səbəbdən oktyabr ayı Cavidlər ailəsinin ədəbi və mədəni irsinin anılması, təbliği və dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Hüseyn Cavid Azərbaycan ədəbiyyatının görkəmli şair-dramturqlarından biridir. Ədəbi yaradıcılığa şair və publisist kimi başlamış Hüseyn Rasizadə ilk mətbu əsərlərini 1904-cü ildə “Şərqi-Rus” qəzetində oxuculara təqdim etmişdir. Sevimli müəllimi Məhəmmədtağı Sidqinin vəfatı münasibətilə Urmiyadan yazdığı məktub qəzetin 23 yanvar sayında nəşr olunmuşdur. Bundan sonra gənc ədib müntəzəm olaraq “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Açıq söz” kimi mətbu orqanlarda çıxış etmişdir. Hüseyn Cavid dramaturji yaradıcılığa 1910-cu ildə yazdığı “Ana” pyesi ilə başlamışdır. Hüseyn Cavid bir sıra tarixi dramlar da yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925),"Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışını əks etdirir.

Hüseyn Cavid yaradıcılığının tədqiq və təbliği Azərbaycanda dövlətin mədəniyyət siyasətinin ayrılmaz tərkib hissəsidir. Ensiklopetik sənətkar olan Heydər Əliyev Turan Cavidlə olan söhbətində bildirmişdir ki, onun Cavid ailəsi ilə tanışlığı uşaqlıq illərinə təsadüf edir. Cavidin böyük qardaşı Şeyx Məhəmməd Naxçıvanda onun ilk ana dili müəllimi olmuşdur və Heydər Əliyev Azərbaycan dilinin incəliklərini Şeyx Məhəmməddən öyrənmişdir. Ulu öndər xatirələrinin birində Ərtoğrul Cavidi və Cavidin həyat yoldaşı Mişkinaz xanımı da gəncliyində gördüyünü qeyd edirdi. Bu faktlar sübut edir ki, Heydər Əliyev Cavid ailəsi və Cavid fəlsəfəsi ilə uşaqlıq, gənclik dövrlərindən tanış idi. Bu tanışlıq və Heydər Əliyevin milli-mənəvi dəyərləri özündə əks etdirən ədəbiyyata bağlılığı Cavid taleyinə təsirsiz ötüşməmişdir. Belə ki, XX əsr Azərbaycan ədəbiyyatının, romantizm ədəbi cərəyanının unikal şəxsiyyətlərindən biri olan Hüseyn Cavid 1882-ci ildə anadan olmuşdur. Ancaq bir sənətkar, şəxsiyyət kimi həm cismən, həm də ruhən vətəni ilə bütövləşməsi, Cavid fəlsəfəsinin “anadan olması” 1993-cü ildə– Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Çünki milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış şair-dramaturq ideya raporunu “Hübuti-Adəm”, “Şeyx Sənan”, “Topal Teymur”, “Peyğəmbər”, “İblis”, “İblisin intiqamı”, “Azər” və s. kimi əsərləri ilə oxuculara təqdim edirdi. Turançılığın, türkçülüyün qəbul edilmədiyi Sovet dövründə yazıb-yaradan şair-dramaturq 1937-ci ildə “millətçi”, “əksinqilabçı”, “antisovet təbliğatında iştirakı”na görə repressiyanın qurbanı olmuş və uzaq Sibirə sürgün edilmişdir. Cavidin əsərləri tənqid və qadağan edilmiş, ailəsi daim təqiblərə məruz qalmışdır. Hüseyn Cavid ölümündən sonra 1956-cı ildə bəraət almasına baxmayaraq nə şairin nəşi vətənə gətirilmiş, nə də Cavid yaradıcılığına layiq olduğu qiymət verilmişdir. Yalnız 1981-ci il iyulun 21-də–Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) ulu öndərin səyi və rəhbərliyi ilə Azərbaycan KPMK, Azərbaycan Nazirlər Soveti Hüseyn Cavidin 100 illiyi haqqında qərar qəbul etdi . Qərarda Cavidin nəşinin vətənə qaytarılması, məqbərəsinin və ev-muzeyinin yaradılması, Naxçıvanda və Bakıda heykəllərinin qoyulması, əsərlərinin dərc olunması nəzərdə tutulurdu. 1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirildi və nəşi Naxçıvanda– evinin qarşısında dəfn edildi. Ancaq qərarda nəzərdə tutulan digər müddəalar 1982-ci ildə həyata keçirilmədi. Cavidin məqbərəsi bu əmr imzalanandan yalnız 15 il sonra –29 oktyabr 1996-cı ildə cavidsevərlərin ixtiyarına verildi.Həmin tarixi günü xatırlayan xalq şairi Mirvarid Dilbazi Heydər Əliyevə ithaf etdiyi “Oğul qeyrəti” şeirində yazırdı:

Cavidi vətənə gətirən oğul,

Onu öz xalqına yetirən oğul,

Xalqının misilsiz qayğılarını

Öz çiyni üstünə götürən oğul

Varolsun bu oğul qeyrətin sənin!

Hüseyn Cavid şəxsiyyətinə, bədii yaradıcılığına dövlət qayğısı bugün də davam edir. Prezident İlham Əliyevin 24 sentyabr 2022-ci il tarixli sərancamı ilə Hüseyn Cavidin 140 illik yubileyi ölkə dövlət səviyyəsində, geniş miqyasda qeyd edilmişdir.

Səbinə DÜNYAMALIYEVA

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi