
Naxçıvanda heyvan bazarlarında sağlamlaşdırma tədbirləri ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.
Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişinin Qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci ilin 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin aparılması məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Muxtar respublika ərazisində epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirilir.
Muxtar respublika ərazisində bir ünvanda - Şərur rayonu Yuxarı Daşarx kəndində diri heyvan satışı bazarı mövcuddur və həftənin yalnız bazar günü fəaliyyət göstərir. Həmin bazarın fəaliyyətinin Qərara uyğun olaraq dayandırılması və sahibkar tərəfindən müvafiq qurumların nəzarəti altında dezinfeksiya, dezinseksiya tədbirlərinin görülməsinin vacibliyi barədə sahibkara məlumat göndərilmişdir. Bu addımın əsas məqsədi heyvanlar arasında təmasın qarşısını almaq və xəstəliklərin yayılma riskini minimuma endirməkdir. Heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçirilə bilər və buna hər hansı məhdudiyyət qoyulmur.
Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının Qərarı ilə "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları" təsdiq edilmişdir. Göstərilən sənədin tələblərinə uyğun olaraq bazarlarda yenidənqurma işləri aparıldıqdan və zəruri infrastruktur təmin edildikdən sonra onların fəaliyyəti bərpa olunacaqdır.
Əlavə olaraq bildiririk ki, muxtar respublika ərazisində heyvanların kəsimi əvvəlki qaydada davam etdirilir.
Ət satışı fəaliyyəti ilə məşğul olan sahibkarların diqqətinə bir daha çatdırırıq ki, diri heyvanların bir inzibati ərazidən digərinə daşınması yalnız yerli baytar mütəxəssislərinin iştirakı ilə həyata keçirilməlidir. Bu zaman heyvanlara kliniki baxış keçirilməli, onların daşınmasına dair müvafiq sənədlər verilməli və daşınma zamanı sanitar-gigiyenik normalara ciddi əməl olunmalıdır.
Heyvanların kəsimi yalnız baytar mütəxəssislərinin nəzarəti altında həyata keçirilməlidir. Kəsimə qədər olan mərhələdə baytar mütəxəssisi heyvanın sağlamlıq vəziyyətini klinik və subklinik göstəricilər əsasında qiymətləndirir. Əgər müayinə zamanı bədən temperaturunun dəyişməsi və ya digər fizioloji göstəricilərdə normadan kənarlaşmalar müşahidə olunarsa, həmin heyvan kəsim prosesindən kənarlaşdırılır.
Kəsimdən sonra cəmdəklər baytar-sanitar ekspertizasına cəlb olunur və yalnız sağlamlığı təsdiqlənmiş heyvan mənşəli məhsulların istehlakına icazə verilir.
Baytar nəzarəti olmadan aparılan kəsim proseslərində bu sanitar-gigiyenik və epizootoloji nəzarət mexanizmləri təmin edilmir ki, bu da zoonoz xəstəliklərin yayılması və ictimai sağlamlığın pozulması riskini artırır. Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, yalnız rəsmi baytar mütəxəssisinin nəzarəti altında aparılmış kəsimlərdən əldə edilən ət məhsullarını istehlak etsinlər.