Naxçıvanda növbəti “Təmiz hava” aylığı tədbiri keçirilib -

Naxçıvanda növbəti “Təmiz hava” aylığı tədbiri keçirilib - FOTO

23 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində “Təmiz hava” aylığı tədbiri keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir zamanı xüsusi cihaz vasitəsilə daxiliyanma mühərrikli nəqliyyat vasitələrindən çıxan qazların tərkibindəki zərərli maddələrin miqdarı ölçülüb,normadan artıq zərərli qaz ixrac edən nəqliyyat vasitələrininsürücüləri ilə maarifləndirici söhbətlər aparılıb. Sürücülərə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq tövsiyə olunub.

 Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov tədbirin keçirilməsinin əsas məqsədinin avtomobillər tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda ətraf mühiti normadan artıq çirkləndirən nəqliyyat vasitələrinin aşkar olunması və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsi olduğunu bildirib.

 Vurğulayıb ki, bu tədbir ətraf mühitin təmizliyinin, təhlükəsizliyinin qorunmasına və ekoloji nəzarətin gücləndirilməsinə bilavasitə xidmət edir, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.

 Qeyd edək ki, oktyabr ayının 20-dən noyabr ayının 20-dək ölkə ərazisində “Təmiz hava” aylığı tədbiri həyata keçiriləcək.