“Ümummilli Lider müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib -

“Ümummilli Lider müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib - FOTO

23 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təsisatı və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşlarının iştirakı ilə Naxçıvan Tibb Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tibb Kollecinin direktoru Sona Məmmədova giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxışında bildirib ki, Azərbaycan xalqı bütün tarixi sınaqlara baxmayaraq milli kimliyini qoruyub saxlamış, azadlıq və müstəqillik uğrunda mübarizəsini davam etdirmişdir. 1995-ci il noyabrın 12-də qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətçiliyimizin əsasını təşkil edir və bu sənədin əsas müəllifi Ümummilli Lider Heydər Əliyevdir.

Daha sonra Ombudsman təsisatının əməkdaşı Nuranə Kərimova, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Təbrizə Bağırova və YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli mövzu ilə bağlı çıxış edərək Konstitusiyanın əhəmiyyəti və Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətlərindən danışıblar.

Sonda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlətin əsasları” filmi nümayiş olunub.