Babək rayonunun 47 illiyi qeyd olunub -

Babək rayonunun 47 illiyi qeyd olunub - FOTO

23 Oktyabr 2025

23 oktyabr tarixində Babək rayonunun yaranmasının 47-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Babək Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat nümayəndələri, YAP Babək rayon təşkilatının rəhbərliyi və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Babək şəhərində yerləşən abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Daha sonra tədbir Babək Rayon Mədəniyyət Sarayında davam etdirilmişdir. Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov qeyd etmişdir ki, bu gün yaranmasının 47-ci ildönümünü qeyd etdiyimiz Babək rayonu Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin bəhrəsi olaraq sürətlə inkişaf edir.

1978-ci il oktyabrın 23-də xalq qəhrəmanı Babəkin adını daşıyan rayonun yaradılması Heydər Əliyevin milli quruculuq siyasətinin parlaq nəticələrindən biri olmuşdur. Rayona Babək adının verilməsi xalqın tarixi yaddaşının, milli qürurunun və qəhrəmanlıq ənənələrinin yaşadılmasının təntənəsi idi.

Tədbirdə digər çıxış edənlər Babək rayonunun yaranmasından ötən illər ərzində keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən və həyata keçirilən sosial layihələr barədə məlumat veriblər.

Tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslər mükafatlandırılmış, Babək rayonu haqqında hazırlanmış videoçarxa baxış olmuşdur.

Sonda tədbir bədii musiqili konsert proqramı ilə davam etmişdir.