
Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Bu il ilk dəfə dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) çalışan rəhbər heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, qiymətləndirmənin 10 şəhərdə yerləşən 12 mərkəzdə, ümumilikdə 1 413 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Xüsusi proqram təminatı vasitəsilə test imtahanı formasında keçiriləcək prosesdə iştirakçılara ümumilikdə 60 sual təqdim olunacaq.
"Pedaqoji liderlik" 25 sual, "İdarəetmə" 15 sual, "Rifah" 10 sual, "Pedaqoji etika və əməkdaşlıq" 10 sualdan ibarət olacaq.
İmtahanın müddəti 120 dəqiqədir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir və 0 bal hesab olunur. Diaqnostik qiymətləndirmənin nəticələri rəhbər heyətin əmək münasibətlərinə təsir etmir, yalnız inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, qiymətləndirmə oktyabrın 25-də olacaq.