
Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Van şəhərinə yola düşüb
Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Van şəhərində keçirilən 2-ci Beynəlxalq Monotamaşalar Festivalında (2. Uluslararası Tek Kişilik Tiyatro Festivali) iştirak edəcək. Sentyabr ayının 15-dən 22-dək keçirilən festivalda Naxçıvan Dövlət Milli Dram Teatrı Balaxan Nəzərlinin “Gəmidə batan” hekayəsi əsasında teatrın direktor müavini və aktyoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyevin hazırladığı “Gəmi batır” adlı monotamaşası ilə qatılacaq. Tamaşanın rejissoru, səhnələşdirəni, musiqi tərtibatçısı, rəssamı və ifaçısı da Səməd Canbaxşiyevdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu tamaşa teatrın daxilində ilk dəfə keçirilən monotamaşalar festivalına təqdim edilib. Tamaşanın mövzusu özündə işsiz qalan müəllimin faciəsini əks etdirir. Öz sənətinə uyğun iş tapa bilməyən müəllim məcbur qalıb yük gəmisində işə düzəlir. İlk gündən gəmidəki sırtıq adamlar onu ələ salır, istehza edirlər. O isə heç kimə fikir vermədən gəmidə təmizlik işi ilə məşğul olur. Bir gün almalar yüklənmiş gəmi dənizə çıxanda fırtınaya düşür. Güclü dalğalarla mübarizə aparmağa məcbur olan dənizçilərin gəmisi deşilir. İki gün dənizçilərlə bərabər fırtınalı dənizlə çarpışan müəllim fiziki və mənəvi olaraq yorulur. Bir neçə dəqiqəlik də olsa dincəlmək üçün batmaqda olan gəmidə öz kayutuna çəkilib yatır. Bundan sonra isə digər gəmi köməyə gəlir və dənizçilər xilas olur. Lakin müəllim heç kimin yadına düşmür və dənizdə gəmi ilə bərabər batır. Oyunda bu hadisə və müəllimin keçirdiyi hisslər öləndən sonra onun dili ilə təqdim olunur. Əsas məqsəd insanın bildiyi və sevdiyi işlə məşğul olmasıdır. Əks halda onun həyatı heç də xoş olmayan sonluqla, hətta faciə ilə bitə bilər. Səməd Canbaxşiyev monotamaşada hadisələri daha təsirli çatdırmaq üçün zəncir, alma yeşiyi, vedrə, döşəməsiləndən, çəlləklərdən, eyni zamanda dənizin altını xatırladan işıq effektindən ustalıqla istifadə edib.
Van Kent Teatrının direktoru və baş rejissoru Əziz Saydutun təşəbbüsü ilə artıq ikinci ildir ki Vanda monotamaşa festivalı keçirilir. Ötən il izləyicilərin diqqətini çəkən festival bu il coğrafiyasını bir qədər də genişləndirib. Belə ki, festivalda Türkiyə ilə yanaşı Azərbaycan və İrandan da oyunçular dəvət edilib. “Keçən il çox diqqət çəkən festival bu il də fərqli coğrafiyalardan gələn sənətçiləri Vanda bir araya gətirəcək. 15-22 sentyabr tarixləri arasında gerçəkləşəcək oyunlarda yerli və əcnəbi sənətçilər birbirindən fərqli tək aktyorluq bacarıqlarını izləyicilərlə bölüşəcəklər ”- bunları da Əziz Saydut bildirib. Onu da vurğulayıb ki, bu hadisə Van üçün təkcə teatr tədbiri deyil, həm də doğma şəhəri bu bölgənin mədəni həyatına fayda verəcək görüş nöqtəsinə çevirəcək.Festival təkcə yerli tamaşaçılar deyil, bura gələn qonaqlar üçün də yaddançıxmaz sənət xatirəsinə çevriləcək.
Daha bir maraqlı məqam odur ki, Balaxan Nəzərlinin Naxçıvan Dövlət Milli Dram Teatrında Səməd Canbaxşiyev tərəfindən səhnələşdirilən “Gəmi batır” monotamaşası bu festivala qatılmaqla premyerası ilk dəfə başqa ölkədə oynanılan tamaşa kimi teatrın tarixinə düşəcək. Tamaşa sentyabr ayının 16-da saat 19:30-da Van Kent Tiyatrosunun səhnəsində izləyicilərə təqdim olunacaq.