Naxçıvanda Bilik Günü qeyd olunub -

Naxçıvanda Bilik Günü qeyd olunub - FOTO

15 Sentyabr 2025

15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra ümumtəhsil müəssisələrində olublar.

Rəsmi şəxslər Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhər 5 nömrəli və Naxçıvan Qarnizonu tam orta məktəblərində müəllimlər, şagirdlər və valideynlərlə görüşərək yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırıb, məktəblilərə təhsillərində uğurlar arzulayıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşlərdə dövlətin təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tədris mühitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər vurğulanıb. Qeyd olunub ki, bu addımların nəticəsində muxtar respublikada tədrisin səviyyəsi ildən-ilə yüksəlir, məzunlar isə uğurlu nəticələr qazanırlar.

Çıxışlarda məktəblilərin Vətənə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və müasir biliklərə yiyələnməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda valideynlərin övladlarının təhsil aldıqları məktəblərlə sıx əməkdaşlıq etmələrinin önəmi qeyd olunub.

Bilik Günü münasibətilə müəssisələrdə təhsil alan şəhid övladları ilə də görüşlər keçirilib.

Məlumat üçün bildirək ki, 2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 50 min 500 şagird təhsil alacaq. Onlardan 3 min 7-si məktəbəhazırlıq qruplarında, 3 min 822-si isə birinci siniflərdə təhsilə başlayıb.