NDU-da 15 sentyabr “Bilik günü” qeyd olunub -

NDU-da 15 sentyabr “Bilik günü” qeyd olunub - FOTO

15 Sentyabr 2025

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Rektor ölkədə təhsil siyasətinin uğurlu icrasından söz açıb, bildirib ki, son illərdə qazanılan bütün nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar və dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğının nəticəsidir. Elbrus İsayev bu çərçivədə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda ali təhsil ocağının qarşısındakı mərhələlər üzrə perspektivlərini diqqətə çatdırıb. Vurğulanıb ki, Dövlət Proqramının səmərəli icrası nəticəsində universitetdə SABAH qrupları, tədrisi ingilis dilində ixtisaslar təmin edilib, universitetin nəzdində İngilis dili təmayüllü Gimnaziya və orta məktəb Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb. Dünyanın Texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən IBM Mərkəzi istifadəyə verilib. Xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqlar gücləndirilib. Birgə proqramların təşkili, mövcud "ikili diplom" proqramlarının icra edilməsi, müəllim və tələbərin mobilliyi, əcnəbi professorların tədrisə cəlbi, IELTS və SAT imtahan mərkəzlərinin infrastrukturunun təkmilləşdirilməsi, əcnəbi tələbələrin qəbulu genişləndirilib.

Elbrus İsayev ali təhsil ocağının genişmiqyaslı imkanlarından danışıb, bildirib ki, 3 kolleci, 2 tədqiqat institutu,1 rəsədxanası, mərkəzləri ilə müasir tipli və çoxprofilli təhsil sisteminə malik NDU uğurları ilə daim seçilir.  Rektor : “ Bu il bakalavr üzrə 1764, magistratura üzrə isə 208 tələbə universitetə qəbul olub.  Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin seçimində Naxçıvan Dövlət Universiteti ön sıralarda yer alıb, yüksəkballı qəbul sayı 4 dəfə artaraq, 41-dən 152 nəfərə çatıb. Qruplar üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər NDU-nun “Hüquqşüaslıq”, “Tibb”, “Kompüter mühəndisliyi” və digər ixtisaslarında təhsil almaq imkanı əldə ediblər. Naxçıvan Dövlət Universiteti “Dövlət və İctimai Münasibətlər” ixtisası üzrə ən yüksək keçid balına malik universitetlər sırasında ilk sırada qərarlaşıb. Həmçinin 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında  NDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasını seçən tələbələr var. IV qrup üzrə 600-dən yuxarı bal toplayan 130 nəfər Naxçıvan Dövlət Universitetini seçib ki, nəticədə plan yerləri 100 faiz dolaraq, universitet tarixində rekord göstərici olub” - deyə çıxışında qeyd edib. Həmçinin ölkə universitetləri arasında ilk dəfə NDU-da yaradılan “Tibb” ixtisası üzrə SABAH qruplarının yeni tədris ilindən ingilis dilində də aparılacağını əlavə edən rektor irəlidə gözlənilən yeniliklərdən bəhs edib. Universitet nəzdində ingilisdilli bağça, alman dili hazırlıq və imtahan mərkəzi, Tibb kampusunun planlaşdırılan layihələr sırasında olduğunun vurğulayıb.

Tədbirdə birinci kurs tələbələri adından 2025-2026-cı tədris ili üzrə keçirilən qəbul imtahanlarında 688 bal toplayıb NDU üzrə ən yüksək nəticəni əldə edərək Memarlıq və mühəndislik fakültəsinin ikili diplom proqramı üzrə tədrisi ingilis dilində “Kompüter mühəndisliyi” ixtisasına qəbul olan abituriyent Cəmilə Babayeva çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib. Valideynlər adından çıxış edən iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov isə ali təhsil ocağında keyfiyyətli və yenilikçi təhsil üçün hərtərəfəli şəraitin olduğunu, gənclərin də yaradılan bu imkanlardan istifadə edərək Vətənə layiqli insan kimi yetişməsinə çalışacaqlarını söyləyib.

Sonra universitetin tanıtım filmi nümayiş olunub və xatirə fotosu çəkdirilib.