Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində kollegiya iclası keçirilib - FOTO
Martın 12-də Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Maliyyə naziri Həsən İsmayılovun sədrliyi ilə keçirilən iclasda Nazirliyin Aparatının struktur bölmə rəhbərləri və yerli maliyyə orqanlarının nümayəndələri iştirak ediblər. İclasda ötən il ərzində dövlət maliyyəsinin idarə olunması sahəsində görülmüş işlər təhlil olunub, eyni zamanda 2026-cı ildə qarşıda duran əsas vəzifələr müəyyənləşdirilib.
Nazir çıxışı zamanı qeyd edib ki, 2025-ci il ərzində dövlət maliyyəsinin idarə olunması sahəsində normativ-hüquqi baza daha da təkmilləşdirilib, fiskal idarəetmənin institusional əsasları gücləndirilib. Qəbul olunmuş qərarların büdcə gəlir və xərclərinin idarə edilməsinin təkmilləşdirilməsinə, dövlət vəsaitlərindən istifadənin nəticəyönümlülüyünün artırılmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət etdiyi bildirilib.
Həsən İsmayılov vurğulayıb ki, ötən il həyata keçirilən maliyyə siyasəti nəticəsində muxtar respublikanın maliyyə potensialının artırılması, büdcə gəlirlərinin yüksəldilməsi və dövlət vəsaitlərinin səmərəli idarə olunması istiqamətində müsbət nəticələr əldə olunub.
Qeyd olunub ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 493 milyon 143 min manat proqnoza qarşı 450 milyon 644 min 744 manat məbləğində icra olunub. Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinə gəldikdə isə 505 milyon 184 min manat proqnoza qarşı 445 milyon 629 min 730 manat icra olunub. Bu göstəricinin 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 23 min 138 manat çox olduğu diqqətə çatdırılıb. 2026-cı il 1 yanvar tarixinə büdcə qalığının isə 40 milyon 516 min 533 manat təşkil etdiyi qeyd edilib.
İclasda bildirilib ki, 2025-ci ildə Azərbaycan Respublikasının mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya 285 milyon 713 min manat nəzərdə tutulsa da, faktiki olaraq 160 milyon manat məbləğində icra olunub.
Kollegiya iclasında ötən il ərzində aparılan dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri, maliyyə sahəsində həyata keçirilən islahatlar, kadr potensialının inkişafı və maliyyə-mühasibatlıq sahəsində təlimlərin təşkili barədə də məlumat verilib. Bildirilib ki, dövlət maliyyə vəsaitlərinin şəffaf və səmərəli idarə olunması istiqamətində həyata keçirilən tədbirlər gələcək dövrdə də davam etdiriləcək.
Nazir çıxışında 2026-cı ilin büdcə göstəricilərinə də toxunaraq bildirib ki, 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 483 milyon 178 min manat, büdcə xərcləri isə eyni məbləğdə proqnozlaşdırılıb.
Sonra iclasın gündəliyinə uyğun olaraq struktur bölmə rəhbərlərinin çıxışları dinlənilib. Həmçinin Nazirliyin müvafiq struktur bölmələri üzrə Prosedur sənədlərinin təsdiqi, bəzi əvvəlki qərarların ləğv edilməsi ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
İclasın sonunda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrdə büdcə gəlirlərinin artırılması, maliyyə intizamının daha da gücləndirilməsi, dövlət vəsaitlərinin səmərəli idarə olunması və şəffaflığın təmin olunması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.














