Naxçıvanda Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar tədbir keçirilib -

Naxçıvanda Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar tədbir keçirilib - FOTO

13 Noyabr 2026

13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və rayon və şəhər icra hakimiyyətlərinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının iştirakı ilə Təhsil Nazirliyinin nəzdində Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə və görmə qabiliyyəti məhdud şəxslərin yaşadıqları ünvanlarda tədbirlər keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Əli Vəliyev məktəbin şagirdlərini Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə təbrik edərək günün əhəmiyyətindən danışıb. Bildirib ki, uşaqların keyfiyyətli təhsilə çıxışının təmin olunması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan ailələrdən olan uşaqların təhsil prosesinə bərabərhüquqlu şəkildə cəlb edilməsi, onların təhsildən yayınmasının qarşısının alınması və məktəbə hazırlıq imkanlarının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət uşaq siyasətinin nəticəsi olaraq ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi diqqət və qayğı göstərilir. Komitə sədri vurğulayıb ki, uşaqların, xüsusilə də xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının və sağlamlıqlarının qorunması, onların milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması, intellektual və mənəvi inkişafının dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili, eləcə də cəmiyyətin ictimai-mədəni həyatında fəal iştiraklarının təmin edilməsi məqsədilə Komitə tərəfindən davamlı və məqsədyönlü tədbirlər həyata keçirilir. Qeyd olunub ki, görülən işlərin nəticəsidir ki, muxtar respublikada sağlamlıq imkanları məhdud olan uşaqların 700-ə yaxını ümumtəhsil və xüsusi məktəblərdə təhsil alır. Həmin uşaqların asudə vaxtlarının səmərəli təşkili, idman, musiqi, rəsm və digər yaradıcılıq sahələrində bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər görülür. Ramilə Seyidova çıxışının sonunda uşaqların sağlam, savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət kimi formalaşması istiqamətində həyata keçirilən dövlət siyasətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel Dünyamaliyeva da çıxış edərək şagirdləri təbrik edib. O bildirib ki, görmə qabiliyyəti məhdud olan şəxslərə xüsusi diqqət və qayğının göstərilməsi, onların cəmiyyətin bərabərhüquqlu üzvləri kimi formalaşması üçün inklüziv mühitin yaradılması mühüm vəzifələrdəndir. Bu kateqoriyadan olan uşaqların təhsil imkanlarının genişləndirilməsi, sosial həyata fəal inteqrasiyası və potensiallarının üzə çıxarılması xüsusi əhəmiyyət daşıyır. Tədbirdə nənə Nərgiz Əhmədova uşaqlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib. 

Tədbirin sonunda Komitə tərəfindən məktəbdə təhsil alan şagirdlərə və müəllimlərə hədiyyələr təqdim olunub. 

Tədbirin davamı olaraq Komitə sədri Ramilə Seyidova Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan I qrup gözdən əlil Rəsmiyyə Məmmədovanı və qardaşı Vüqar Məmmədovu yaşadıqları ünvanda ziyarət edib. Görüşdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov belə ailələrin daim diqqət və qayğı ilə əhatə olunduğunu, onların problemlərinin həlli istiqamətində müvafiq dəstəyin göstərildiyini vurğulayıb. Daha sonra Komitə sədri Ramilə Seyidova Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə ailə üzvlərini təbrik edib, günün əhəmiyyətindən bəhs edib, onların sosial vəziyyəti və gündəlik qayğıları ilə maraqlanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova da görüşdə iştirak edərək öz fikirlərini bölüşüb. Məmmədovlar ailəsi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Sonda Komitə tərəfindən ailəyə hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, muxtar respublikanın bütün rayonlarında yaşayan, görmə qabiliyyəti məhdud 33 şəxsin yaşadığı ünvanlara baş çəkilib, onların yaşayış şəraiti öyrənilib və ehtiyaclarının qeydiyyatı aparılıb. Ziyarətlər zamanı Ali Məclisin deputatları tərəfindən bayram sovqatı, Komitə tərəfindən isə həmin şəxslərə hədiyyələr təqdim olunub.