Naxçıvanda gənclərə Heydər Əliyevin Azərbaycan Konstitusiyası ilə bağlı xidmətlərindən danışılıb

Naxçıvanda gənclərə Heydər Əliyevin Azərbaycan Konstitusiyası ilə bağlı xidmətlərindən danışılıb - FOTO

03 Oktyabr 2025

Oktyabrın 3-ü “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir təşkil olunub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə qurumun, o cümlədən tabeliyindəki idarə və təşkilatların kollektivləri və könüllü gənclər iştirak ediblər.

Əvvəlcə rəsmi heyət ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsinə ehtiramlarını nümayiş etdiriblər. Daha sonra tədbir zalında Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Tədbirin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Macid Seyidov bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin demokratik inkişaf yolunu, insan hüquq və azadlıqlarının təminatını, dövlətin əsas prinsiplərini birmənalı şəkildə təsbit etmişdir. Bu tarixi sənəd Azərbaycan xalqının azad, müstəqil və güclü dövlət qurmaq iradəsinin təcəssümü idi. Gənclərimiz bu irsi qorumalı, Konstitusiyaya sadiqlik göstərməli və suveren dövlətimizin inkişafına töhfə verməlidirlər.

Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Faiq Səfərov, Ali Məclisin deputatı Əziz Qasımov, YAP şəhər təşkilatının sədri Elman Cəfərli və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)təsisatının nümayəndəsi Sadiq Babayev çıxış ediblər. Natiqlər ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu və konstitusiya prosesindəki tarixi xidmətlərini xüsusi vurğulayıb, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyinin tam bərpa olunduğunu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını və hərtərəfli inkişaf yolunda əhəmiyyətli nailiyyətlər əldə edildiyini diqqətə çatdırıblar. Onlar həmçinin qeyd ediblər ki, Azərbaycan Konstitusiyası yalnız hüquqi sənəd deyil, milli dövlətçilik ideyalarının daşıyıcısı, xalq iradəsinin ifadəsidir. Çıxışlarda gənc nəslin bu prinsiplərə sadiq qalaraq ölkənin gələcək inkişafında fəal iştirakının vacibliyi xüsusi vurğulanıb.

Tədbirdə məktəblilər tərəfindən vətənpərvərlik motivli şeirlər qiraət olunub. Sonda isə mövzu ilə bağlı film nümayiş etdirilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Prokurorluğun birgə təşkil etdiyi tədbirin əsas məqsədi gənclərdə dövlət müstəqilliyi və suverenlik ideyalarının gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin dövlətçilik sahəsində əvəzsiz xidmətlərinin gənc nəslə çatdırılmasıdır.