Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 216 şəxsə xidmət göstərilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2022-ci ildən Bakı şəhərində icrasına başlanılan layihə 2025-ci ildən Naxçıvanda da reallaşdırılır. Layihə ambulator müalicəyə cəlb edilən əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə asan və rahat şəkildə çatdırılmasına xidmət edir.
Reabilitasiya avtobusu muxtar respublikanın müxtəlif bölgələrində yaşayan əlilliyi olan şəxsləri əvvəlcədən müəyyənləşdirilmiş gözləmə məntəqələrindən götürərək Naxçıvan şəhərində yerləşən Naxçıvan Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinə və Naxçıvan Uşaq Bərpa Mərkəzinə çatdırır.
Təkərli oturacaqdan istifadə edən şəxslərin xidmətdən rahat yararlanmaları və müyəssərliyin təmin edilməsi məqsədilə avtobus xüsusi qaldırıcı qurğu ilə təchiz olunub.
Əlilliyi olan şəxsləri müşayiət edən yaxınları da onlarla birgə bu xidmətlə əhatə olunurlar.
Reabilitasiya proseduru bitdikdən sonra isə əlilliyi olan şəxslər geri qaytarılırlar.












