Ötən il 46 nəfər zəhərlənmədən ölüb
Ötən il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə qəbul edilən 1188 nəfərdən 46-sı ölüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə KTM-dən məlumat verilib.
Bildirilib ki, 1142 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
Onlardan 495 nəfəri dərman preparatlarından, biri siçan dərmanından (rodentisid), biri həşərat dərmanından, 352 nəfəri isə sirkə turşusundan zəhərlənib.
Bununla yanaşı 8 nəfəri həlledici məhlullardan, 12 nəfəri yandırıcı məhlullardan, biri kimyəvi məhlullardan, 65-ü allergik reaksiyalardan, 40-ü fosfor üzvi birləşmələrindən, 18-i anafilaktik şokdan, 13-ü tüstüdən, 66-sı dəm qazından, 78-si ilan sancmasından, biri neft məhlulundan, beşi yabani bitkilərdən, altısı həşərat dişləməsindən, 22 nəfəri spirtli içkilərdən, dördü isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 46 nəfərin (32 kişi və 14 qadın) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.








