Özbaşına tikintiyə görə hansı cəza nəzərdə tutulur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İcazəsiz tikinti işləri aparmağa görə qanunvericilikdə hansı məsuliyyət müəyyən edilib?
Cavab: Qanunvericiliyə əsasən, tikintisinə icazə tələb olunan bina və qurğuların müvafiq icazə alınmadan inşa edilməsi, mövcud tikililərin konstruksiyasında dəyişiklik aparılması, funksional təyinatının dəyişdirilməsi, yenidən planlaşdırılması və yenidən qurulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti yaranır.
Belə əməllərə görə iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan iki ilədək müddətə məhrumetmə cəzası da tətbiq edilə bilər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov








