Şahbuz rayonundan olan şəhidlərin xatirəsi yad edilib - FOTO
Şahbuz rayonunda Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan rayon sakinlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Şahbuz Rayon İcra Hakimiyyətinin, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin və Şahbuz Rayon Mədəniyyət sektorunun birgə təşkilatçılığı ilə keçirilib.
Anım mərasimində şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda şəhidlərin həyat və döyüş yolundan, göstərdikləri şücaət və fədakarlıqdan bəhs edilib. Bildirilib ki, şəhidlərin müqəddəs xatirəsinin yaşadılması və onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılması mühüm mənəvi məsuliyyətdir.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi Üzeyir Məmmədov, şəhid anası Məhparə Rzayeva və qazi Röyal Abdullazadə çıxış ediblər.
Daha sonra Şahbuz rayonundan olan şəhidlərin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Anım tədbirinin bədii hissəsində Şahbuz Rayon Mədəniyyət Sarayının əməkdaşları tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş kompozisiya təqdim olunub.
Sonda şəhidlərin xatirəsinin daim ehtiramla yad ediləcəyi və onların qəhrəmanlıq salnaməsinin xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.













