80 illik arzunun bitməyən sınağı…
Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahı, sentyabrın 26-na təsadüf edən Nüvə Silahlarının Tamamilə Ləğvi üzrə Beynəlxalq Günün şənbə gününə düşməsi səbəbindən, bu gün - sentyabrın 29-da Nyu-York vaxtı ilə səhər saat 10:00-da dünya liderləri və diplomatları qlobal nüvə tərksilahı öhdəliyinə sadiqliyi təsdiqləmək və nüvə silahından azad dünya naminə beynəlxalq səyləri səfərbər etmək məqsədilə yüksək səviyyəli birgünlük plenar iclasa toplayır.
Sual oluna bilər: Bu toplantı sadəcə təqvimdəki növbəti bir rəsmi tədbirdir, yoxsa dünyanı daha təhlükəsiz etmək üçün real bir addım? Bu sualın cavabını tapmaq üçün tarixin vərəqlərini bir qədər geri çevirmək lazımdır.
Nüvə silahlarının ləğvi ideyası yeni deyil. Bu, BMT-nin elə ilk yarandığı günlərdən onun çiyinlərində daşıdığı ən böyük missiyadır. Hələ 1946-cı ildə, İkinci Dünya Müharibəsinin dəhşətli atom bombası fəlakətlərindən dərhal sonra, BMT Baş Assambleyasının qəbul etdiyi ilk qətnamə məhz nüvə enerjisinə nəzarət və atom silahlarının aradan qaldırılmasına həsr olunmuşdu. O vaxtdan bəri düz 80 il keçib. Bəşəriyyət kosmosu fəth edib, interneti yaradıb, tibbdə möcüzələrə imza atıb. Lakin təəssüf ki, ilk qətnamədən keçən onilliklər ərzində dünya nüvə kabusundan tamamilə xilas ola bilməyib. Bu gün də minlərlə nüvə başlığı anbarlarda saxlanılır, bəziləri isə hər an atəşə hazır vəziyyətdə gözləyir. Beynəlxalq gərginliklər artdıqca, bu silahların mövcudluğu qlobal təhlükəsizlik üçün ən böyük təhdid olaraq qalmaqda davam edir.
Müasir dünyamızda nüvə silahı sadəcə bir müdafiə vasitəsi deyil, həm də bəzi nəhəng dövlətlərin geosiyasi arenada digər ölkələri öz iradəsinə tabe etmək üçün istifadə etdiyi təhlükəli bir təzyiq alətinə çevrilib. Son illərdə qlobal böhranlar fonunda "nüvə şantajı" terminini daha tez-tez eşidirik. Nüvə arsenalına sahib olan dövlətlər beynəlxalq hüququ gözardı edərək digər ölkələrlə təhdid və şantaj diliylə danışmaqdan çəkinmirlər. Bu vəziyyət kiçik və nüvə silahı olmayan dövlətlərin suverenliyini birbaşa təhlükə altına qoyur, dünyada güclünün zəifi əzdiyi ədalətsiz bir nizam yaradır. Nüvə triadasını önə sürərək digər xalqların müstəqil siyasi qərarlarına müdaxilə etmək cəhdləri qlobal təhlükəsizlik arxitekturasını tamamilə sarsıdır.
Nüvə silahına sahib dövlətlərin bir-birini və ya digər ölkələri şantaj etməsi təkcə siyasi böhran yaratmır, həm də qlobal antiterror fəaliyyətlərini zəiflədir. Beynəlxalq sistemdə "nüvə çətiri" arxasında gizlənib təhdid dili istifadə edildikdə, terror qruplaşmaları üçün nəzarətsiz zonalar və idarəolunmaz xaos mühiti yaranır. Ən böyük risk isə bu gərginlik fonunda nüvə materiallarının və ya texnologiyalarının qeyri-dövlət aktorlarının, yəni terror təşkilatlarının əlinə keçməsi ehtimalıdır. Müasir dünyada nüvə iddiaları qlobal təhlükəsizlik sistemini hər an partlaya biləcək bir barıt çəlləyinə çevirib. Dövlətlərarası münaqişələrin yaratdığı bu xaos fonunda, terror şəbəkələrinin kiber-hücumlar vasitəsilə nüvə obyektlərinin təhlükəsizlik sistemlərini hədəf alması və ya ələ keçirdikləri radioaktiv tullantılardan kütləvi panika yaradacaq "çirkli bomba" hazırlaması riski artıq nəzəri bir ssenari deyil, qlobal asimmetrik təhdidin ən real və dəhşətli formasıdır.
Nyu-Yorkda keçirilən budəfəki iclas sadəcə tarixi xatırlamaq üçün deyil, həm də gələcəyə baxmaq üçün bir fürsətdir. Nüvə silahları bizə təhlükəsizlik deyil, yalnız daimi qorxu bəxş edir. Çünki bu silahlardan istifadə olunmasının qalibi olmayacaq; belə bir müharibə planetimizin və insan sivilizasiyasının sonu deməkdir.
Bu gün BMT kürsüsündən səslənəcək bəyanatlar, ediləcək çağırışlar bir daha göstərəcək ki, nüvəsiz dünya sadəcə idealist bir xəyal deyil, insanlığın sağ qalması üçün yeganə çıxış yoludur. 1946-cı ildə əsası qoyulan o böyük arzunun reallığa çevrilməsi üçün isə təkcə kağız üzərindəki qətnamələr yox, dünya liderlərinin şantaj dilindən imtina etməsi, real siyasi iradəsi və cəsarəti tələb olunur. İnsanlıq öz yaratdığı ən böyük təhlükəyə qalib gəlməyi bacarmalıdır.
Əlövsət HÜSEYNQULİYEV
Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri,
Antiterror və təhlükəsizlik üzrə ekspert








