Sahibə Qafarova Adnan Feyhan Əd-Duleymi ilə görüşüb
İyunun 25-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci Sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurası sədrinin birinci müavini Adnan Feyhan Əd-Duleymi ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, söhbət zamanı ölkələrimiz arasında energetika, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğu diqqətə çatdırılıb.
Azərbaycan və İraq arasında münasibətlərin xalqlarımızın ortaq dini və mədəni dəyərlərinə əsaslandığını qeyd edən Sahibə Qafarova bildirib ki, Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman qarşılıqlı dəstək nümayiş etdirirlər.
Görüşdə qanunverici orqanlarımız arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin mühüm platforma olduğu qeyd edilib. Həmçinin Parlamentlərarası İttifaq, İƏT Pİ kimi beynəlxalq platformalarda da qarşılıqlı dəstəyin vacibliyi vurğulanıb.
İraq Nümayəndələr Şurasının sədrinin birinci müavini Adnan Feyhan Əd-Duleymi İƏT Pİ Konfransının 20-ci Sessiyasının uğurlu təşkilinə və İƏT Pİ-yə sədrliyin Azərbaycana keçməsi münasibətilə təbriklərini çatdıraraq, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, ölkəsinin Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlı olduğunu söyləyərək, bu istiqamətdə parlamentlərin oynadığı rolu xüsusi qeyd edib.
Qonaq sessiyada toxunulan mövzuların müasir dövrdə İslam dünyasını narahat edən məsələlərin müzakirəsinə xidmət etdiyini, həmçinin tədbirin təşkilata üzv ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.








