Naxçıvanda lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
İyunun 30-da 2026/2027-ci tədris ili üzrə Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi həyata keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim ediləcək. İmtahanda iştirak edən şagirdlərdən aşağıdakı məqamlara xüsusi diqqət yetirmələri tələb olunur:
İmtahanın keçirildiyi məkana müəyyən edilmiş vaxtdan 1 saat əvvəl gəlmək lazımdır.
Buraxılış vərəqində göstərilən imtahan mərkəzindən fərqli ünvana getmək qadağandır. Şagird yalnız buraxılış vərəqəsində qeyd olunmuş imtahan mərkəzində imtahanda iştirak edə bilər. İştirakçı protokolunda adı olmayan şagirdin imtahana buraxılması mümkün deyil.
Şagirdlər imtahana gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsinin çap olunmuş nüsxəsini özləri ilə gətirməlidirlər. Həmin sənədlər təqdim edilmədiyi təqdirdə şagirdin imtahanda iştirakı mümkün olmayacaq.
İmtahana buraxılış vərəqəsində şagirdin 3x4 ölçülü fotoşəklinin olması mütləqdir. Şəxsiyyət vəsiqəsində fotoşəkli olan şagirdlərin şəkilləri buraxılış vərəqəsinə sistem tərəfindən avtomatik yerləşdirilir. Digər şagirdlər isə buraxılış vərəqəsini çap etdikdən sonra uyğun ölçüdə fotoşəkil əlavə etməlidirlər. Fotoşəkilsiz buraxılış vərəqəsi etibarsız hesab edilir.
İmtahan mərkəzinə mobil telefon, ağıllı saat, qulaqlıq və digər elektron vasitələr gətirmək QADAĞANDIR! İmtahan mərkəzlərində həmin əşyaların saxlanılması üçün xüsusi yer ayrılmayacaq.
İmtahan müddətində digər iştirakçılarla ünsiyyət qurmaq, köçürmə hallarına yol vermək və ya imtahanın keçirilməsi qaydalarını pozmaq qadağandır. Bu kimi hallara yol verən şagirdlər barədə müvafiq tədbirlər görülə və onlar imtahandan xaric edilə bilərlər.
Bütün şagirdlərə imtahanda uğurlar arzulayırıq!








