Sahibə Qafarova Qətər Dövləti Şura Məclisinin sədri ilə görüşüb

Sahibə Qafarova Qətər Dövləti Şura Məclisinin sədri ilə görüşüb

25 İyun 2026

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin Parlament İttifaqı (Pİ) Konfransının 20-ci sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Qətər Dövləti Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanimlə görüşüb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq bildirilib və münasibətlərin daha da genişlənməsində qarşılıqlı səfərlərin və görüşlərin rolu vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Qətərin regional, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da vurğulanıb. Bildirilib ki, ölkələr BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində birgə fəaliyyət göstərir.

Görüşdə parlamentlərimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq bildirilib. Vurğulanıb ki, Qətər parlamenti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində yaxından iştirak edir.

S. Qafarova bildirib ki, Azərbaycan həmişə bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşıb. O, Azərbaycanın region ətrafında baş verən hadisələr fonunda Cənubi Qafqazda əmin-amanlığın qorunması üçün sülh gündəliyini dəstəklədiyini qeyd edib.

Qətər Dövlətinin Şura Məclisinin sədri İƏTPİ Konfransının 20-ci sessiyasının əhəmiyyətini qeyd edib.

Qonaq bildirib ki, iki ölkənin hökumətləri arasında iqtisadi, ticarət və texniki sahədə birgə komissiya uğurla fəaliyyət göstərir.

O, həmçinin Milli Məclisin nümayəndə heyətlərinin regional və beynəlxalq təşkilatlarda fəal iştirakını vurğulayıb və Azərbaycanla parlamentlərarası münasibətləri genişləndirmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Söhbət zamanı qonaq Azərbaycanın işğaldan azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirdiklərini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.