Savat Federasiyasının prezidenti Naxçıvanda seminar keçib -

Savat Federasiyasının prezidenti Naxçıvanda seminar keçib - FOTO

25 May 2026

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə savat idman növünün regionda təbliği və inkişafı ilə bağlı Naxçıvan şəhərində tədbir keçirilib. Belə ki, Azərbaycan Savat Federasiyasının (ASF) prezidenti Rafiq Əliyev aid idman növü ilə bağlı gələcək planlaması olan “Turan” Döyüş Klubunun məşqçi və idmançıları ilə görüşüb, onlar üçün seminar keçib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan tədbirdə nazirliyin əməkdaşı Namiq Əliyev giriş sözü ilə çıxış edərək dövlət idman siyasəti və əldə olunan uğurlar barədə danışıb, təmsil etdiyi qurumun regionda idmanın inkişafı ilə bağlı müxtəlif layihə və tədbirlər həyata keçirdiyini, faydalı təşəbbüslərə daimi dəstək nümayiş etdirdiyini diqqətə çatdıraraq yeni qurulan əməkdaşlıq əlaqələrinin effektiv olacağına inamını ifadə edib.

Federasiyanın prezidenti Rafiq Əliyev göstərilən dəstəyə görə nazirliyə minnətdarlıq edib, tədbirin əhəmiyyəti və savat idman növü ilə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, Fransada yaranan və dünyada geniş yayılan döyüş sənətlərindən biri olan savatın ölkəmizin idman həyatında özünəməxsus yeri var. 2018-ci ildə yaradılan ASF qısa müddətdə bu idman növünün ölkədə inkişafı və beynəlxalq arenada tanınması istiqamətində mühüm işlər görüb. Federasiyanın fəaliyyətində gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, vətənpərvərlik ruhunun aşılanması, təhsilin dəstəklənməsi və beynəlxalq təcrübənin tətbiqinin əsas istiqamətlərdən biri olduğu vurğulanıb. Rafiq Əliyev savatın Naxçıvanda təbliği və təşviqi üçün ilkin əsasların yaradılmasından məmnunluğunu ifadə edib, gələcək planlar və görüləcək işlər barədə danışıb.

Savat idman növünün Naxçıvanda inkişafı ilə bağlı təşəbbüskarlığına görə Xəyal Abdullayevə federasiyanın plaketi təqdim olunub. Xəyal Abdullayev göstərilən diqqətə görə minnətdarlıq edib, klubun nəzdində savat məşq qrupunun yaradılması və qarşıdakı planlar barədə məlumat verib. Bildirilib ki, klub idmançılarının müxtəlif döyüş idman növlərindəki hazırlığı onların savatı daha rahat mənimsəməsinə imkan yaradır.

Çıxışların ardından Rafiq Əliyevin iştirakı ilə taktiki-texniki seminara start verilib.