Şəhid övladlarının ilk dərs günü
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov məktəbəhazırlıq qruplarında tədris prosesinə başlayan şəhid övladlarının ilk dərs günündə onların yanında olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təhsil naziri Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupuna qəbul olunan Vətən müharibəsi şəhidi Əli Məmmədovun övladı Əli Məmmədovun və Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupunda tədrisə başlayan Vətən müharibəsi şəhidi Bağır Ələkbərovun övladı Tunar Ələkbərovun təhsili, məktəb həyatları və ilk təəssüratları ilə maraqlanılıb, onlara hədiyyələr təqdim edib.
Şəhidlərin ailə üzvlərinin də iştirak etdiyi görüşdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu, onların övladlarının isə dövlətin və cəmiyyətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğu bildirilib.
Təhsil naziri qeyd edib ki, məktəb həyatına ilk addımlarını atan şəhid övladlarının sevincini bölüşmək və onların yanında olmaq həm mənəvi borc, həm də böyük məsuliyyətdir. Şəhid ailələrinə və şəhid övladlarına göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Daha sonra təhsil naziri məktəblərdə fəaliyyət göstərən digər məktəbəhazırlıq qruplarında tədris prosesi ilə tanış olub, uşaqlar üçün yaradılmış şəraitlə maraqlanıb, qruplarında təhsil alacaq uşaqların valideynləri ilə görüşüb.











