Tapılmış əşyanı tapan şəxsin hüquq və vəzifələri nələrdir? -

Tapılmış əşyanı tapan şəxsin hüquq və vəzifələri nələrdir? - HÜQUQ MƏSLƏHƏTİ

27 İyul 2026

Sual: Tapılmış əşyanı tapan şəxsin hüquq və vəzifələri nələrdir?                                                                                                                                                                 

Cavab:Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186-ci maddəsinə əsasən tapılmış əşyanı tapan şəxs ilk növbədə bu barədə əşyanı itirmiş şəxsə, əşyanın mülkiyyətçisinə və ya səlahiyyətli şəxsə dərhal məlumat verməli, mülkiyyətçi məlum olmadıqda isə polisə xəbər verməli və əşyanı təhvil verməlidir.Əgər tapılmış əşyanın sahibi müəyyən edilməzsə və ya sahibin hüququ barədə polisə məlumat daxil olmazsa, tapıntı barədə məlumat verildiyi gündən etibarən bir il keçdikdən sonra əşyanı tapan şəxs həmin əşya üzərində mülkiyyət hüququ əldə edir. Bu zaman əşya üzərində mövcud olan digər hüquqlara da xitam verilir.Tapılmış əşya səlahiyyətli şəxsə təhvil verildikdə, onu tapan şəxs əşyanın dəyərinin 5 faizinə qədər bəxşiş, həmçinin əşyanın saxlanılması ilə bağlı çəkdiyi zəruri xərclərin ödənilməsini tələb edə bilər. Lakin tapıntını gizlədən və ya bu barədə məlumat verməyən şəxs bu hüquqdan məhrum edilir.Əgər əşyanı tapan şəxs sonradan ona mülkiyyət hüququ əldə etmək istəməzsə, səlahiyyətli orqan bir il keçdikdən sonra həmin əşyanı auksion vasitəsilə sata, azqiymətli əşyanı isə pulsuz özgəninkiləşdirə və ya məhv edə bilər.Tapılmış əşya heyvan, tez xarab olan məhsul və ya saxlanılması yüksək xərc tələb edən əşya olduqda, bir illik gözləmə müddəti tətbiq edilmir. Belə hallarda əşya özgəninkiləşdirilir və əldə olunan məbləğ mülkiyyətçiyə qaytarılır.                                                           

Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Camal Sadiqov