
Uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulubmu? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulubmu?
Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 213-cü maddəsinə əsasən Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına görə, yəni:
1. körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməməsinə, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyinin, ana südünün üstünlüyünün qeyd olunmamasına;
2. uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə;
3. körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə;
4. körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə -
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Kəngərli rayon Prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Şahmar Həşimov