Zelenski Trampdan nə istəyib?

Zelenski Trampdan nə istəyib?

29 İyul 2026

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan qış mövsümünə qədər Ukraynaya "Patriot" zenit-raket kompleksləri (ZRK) üçün 300 ədəd raket verilməsini xahiş edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, bu barədə o, “Axios” portalına müsahibəsində bildirib.

Portalın qeyd etdiyi kimi, bu müraciət Ukraynanın qış aylarında üzləşə biləcəyi enerji sisteminin çökməsi ilə bağlı narahatlıqlardan irəli gəlir.

Zelenskinin sözlərinə görə, Ağ Evin rəhbəri "kömək etməyə çalışacağına söz verib", lakin ABŞ prezidenti əlavə edib ki, İranla münaqişə zamanı həmin ZRK raketlərindən istifadə zərurəti səbəbindən bunu həyata keçirmək çətindir.

Zelenski həmçinin Trampla ikitərəfli görüş zamanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Amerika liderinin kürəkəni Cared Kuşnerin yaxın iki həftə ərzində baş tuta biləcək Ukrayna səfərini də müzakirə etdiklərini təsdiqləyib.

Bundan əvvəl Tramp Vaşinqtonun Kiyevə "Patriot" zenit-raket kompleksləri üçün raketlərin istehsalına lisenziya verəcəyini açıqlamışdı.