Azərbaycanın 5 SES-i beynəlxalq karbon sertifikatı üçün qeydiyyatdan keçib -

Azərbaycanın 5 SES-i beynəlxalq karbon sertifikatı üçün qeydiyyatdan keçib - VİDEO

23 İyul 2026

"AzərEnerji" ASC ilə "SOCAR Trading"in birgə əməkdaşlığı çərçivəsində Kəlbəcər rayonunda yerləşən "Çıraq-1", "Çıraq-2", "Soyuqbulaq", "Meydan" və "Qamışlı" kiçik su elektrik stansiyaları (SES) beynəlxalq karbon sertifikatı almaq üçün uğurla qeydiyyatdan keçib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bu stansiyalar üzrə illik 37 min ton karbon emissiyasının azaldılması təsdiqlənəcək və müvafiq karbon sertifikatları təqdim ediləcək:

"Bu ilin yanvarında Laçında yerləşən "Mirik" və "Qaraqışlaq" kiçik su elektrik stansiyaları İsveçrədə yerləşən beynəlxalq karbon sertifikatlaşdırma qurumu Gold Standard tərəfindən 10 745 vahid karbon krediti əldə edib. Bu, Azərbaycanın bərpa olunan enerji layihələri üzrə beynəlxalq karbon bazarında qazandığı ilk karbon kreditləri olmaqla ölkənin "yaşıl enerji" tarixində mühüm mərhələ hesab olunur".

Məlumatda qeyd olunub ki, karbon sertifikatlarının əldə edilməsi istiqamətində işlər davam etdirilir:

"Hazırda Laçında yerləşən "Mişni", "Alxaslı" və "Ağbulaq-2" su elektrik stansiyalarının beynəlxalq qeydiyyat prosesi davam edir. Eyni zamanda, beynəlxalq ekspertlər Zəngilanda yerləşən "Şayıflı", "Cahangirbəyli", "Zəngilan" və "Şeylanlı" su elektrik stansiyalarının karbon sertifikatları alması üçün hazırlanmış layihə sənədlərini qiymətləndirir".

"AzərEnerji" inşa etdiyi "Ağbulaq-2" və "Şeylanlı" su elektrik stansiyaları iyulun 11-də, digər stansiyalar isə daha əvvəl - 2023, 2024 və 2025-ci illərdə istismara verilib.