Əcəmi Naxçıvani irsi və Möminə Xatun türbəsinin bərpası -

Əcəmi Naxçıvani irsi və Möminə Xatun türbəsinin bərpası - RƏY

12 Avqust 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Naxçıvana səfəri zamanı milli-mədəni irsin qorunması ilə bağlı atılan addımlar xüsusi diqqət çəkir. Möminə Xatun türbəsində aparılan təmir-konservasiya işləri və dahi memar Əcəmi Naxçıvaninin yeni abidə kompleksinin açılışı Naxçıvanın tarixi yaddaşına dövlət səviyyəsində göstərilən diqqətin mühüm nümunələridir.

Mövzu ilə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Dövlət Universitetinin əməkdaşı Fətəli Axundzadə bildirib ki, bu iki hadisəyə ayrı-ayrılıqda deyil, vahid tarixi-mədəni siyasətin tərkib hissəsi kimi yanaşmaq lazımdır:

“Əcəmi Naxçıvani abidəsinin ucaldılması və Möminə Xatun türbəsinin bərpası mahiyyət etibarilə bir-birini tamamlayan iki mühüm hadisədir. Bir tərəfdən XII əsrdə yaradılmış möhtəşəm memarlıq nümunəsi qorunur, digər tərəfdən həmin əsərlərin müəllifi olan dahi memarın şəxsiyyəti müasir Naxçıvanın şəhər məkanında əbədiləşdirilir".

Fətəli Axundzadənin sözlərinə görə, Əcəmi Naxçıvaninin irsi yalnız Naxçıvan üçün deyil, bütövlükdə Azərbaycan memarlıq tarixinin mühüm səhifələrindən biridir:

“Əcəmi Naxçıvani XII əsrdə Naxçıvanda formalaşan və Azərbaycan memarlıq məktəbinin inkişafında mühüm rol oynayan böyük sənətkardır. Onun yaratdığı Möminə Xatun və Yusif ibn Küseyir türbələri əsrlər keçməsinə baxmayaraq, öz memarlıq xüsusiyyətləri və bədii-estetik dəyəri ilə bu gün də dünya memarlıq irsinin diqqətçəkən nümunələri sırasında yer alır".

O qeyd edib ki, Əcəmi Naxçıvaninin abidəsinin Naxçıvan şəhərində ucaldılması həm tarixi, həm də mənəvi baxımdan simvolik məna daşıyır:

Əcəminin yaradıcılığı məhz Naxçıvanın tarixi-mədəni mühitində formalaşıb. Bu səbəbdən onun abidəsinin doğma şəhərində ucaldılması tarixi irslə müasir şəhər mədəniyyətinin əlaqələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Artıq Əcəmi Naxçıvani yalnız tarixi mənbələrdə və yaratdığı abidələrdə deyil, Naxçıvanın müasir şəhər mühitində də öz layiqli ifadəsini tapır".

Fətəli Axundzadə Möminə Xatun türbəsində aparılan bərpa və konservasiya işlərini də xüsusi əhəmiyyət daşıyan proses kimi qiymətləndirib:

“1186-cı ildə Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş Möminə Xatun türbəsi Naxçıvanın və Azərbaycanın tarixi-memarlıq irsinin ən qiymətli nümunələrindəndir. Burada əsas məsələ sadəcə abidənin bərpası deyil. Əsas məqsəd onun tarixi autentikliyinin, memarlıq xüsusiyyətlərinin və əsrlər boyu formalaşmış maddi irsinin qorunaraq gələcək nəsillərə ötürülməsidir".

Onun fikrincə, dövlət səviyyəsində həyata keçirilən bu tədbirlər Naxçıvanın mədəni irsinin qorunmasına kompleks yanaşmanın formalaşdığını göstərir:

“Naxçıvanın tarixi-mədəni irsi yalnız Möminə Xatun türbəsi ilə məhdudlaşmır. Yusif ibn Küseyir türbəsi, Əlincəqala, Qarabağlar Türbə Kompleksi, Gülüstan türbəsi, Naxçıvanqala, İmamzadə kompleksi və digər tarixi-memarlıq nümunələri böyük bir mədəni irs xəzinəsidir. Bu abidələrin qorunması Naxçıvanın tarixinin qorunması deməkdir".

Fətəli Axundzadə vurğulayıb ki, milli-mədəni irsin qorunması yalnız daş abidələrin mühafizəsi ilə yekunlaşmamalıdır:

“Naxçıvanın mədəni yaddaşı həm də yallı, folklor, xalq musiqisi, sənətkarlıq ənənələri və digər qeyri-maddi mədəni sərvətlərlə zəngindir. Ona görə də tarixi irsin qorunmasına kompleks yanaşmaq lazımdır. Maddi və qeyri-maddi irs birlikdə Naxçıvanın çoxəsrlik mədəni kimliyini formalaşdırır".

O Əcəmi Naxçıvaninin 900 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini də bu istiqamətdə atılan mühüm addımlardan biri hesab edib:

“Əcəmi Naxçıvaninin yubileyinin dövlət səviyyəsində qeyd olunması onun irsinə verilən yüksək qiymətin göstəricisidir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Əcəmi Naxçıvaninin 850 illik yubileyinin keçirilməsi bu istiqamətdə mühüm ənənənin əsasını qoymuşdu. Bu gün həmin ənənənin daha geniş miqyasda davam etdirilməsi Azərbaycan dövlətinin milli-mədəni irsə münasibətinin ardıcıllığını göstərir".

Fətəli Axundzadənin fikrincə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Naxçıvana səfəri çərçivəsində milli-mədəni irslə bağlı həyata keçirilən tədbirlərin əsas mesajı aydındır:

“Müasir Naxçıvan qurularkən qədim Naxçıvanın tarixi yaddaşı da qorunur. Bu, çox vacib yanaşmadır. Çünki şəhərlərin inkişafı yalnız yeni yolların, binaların və infrastrukturların yaradılması ilə ölçülmür. Şəhərin kimliyi onun tarixi yaddaşı, mədəni irsi və memarlıq siması ilə də müəyyən olunur".

O hesab edir ki, Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması və Möminə Xatun türbəsinin konservasiyası gələcəkdə Naxçıvanın mədəni turizm potensialının inkişafına da mühüm töhfə verə bilər:

“Tarixi abidələrin qorunması eyni zamanda onların turizm və maarifləndirmə potensialının artırılması deməkdir. Əcəmi Naxçıvani irsi, Möminə Xatun türbəsi və digər memarlıq nümunələri Naxçıvanın beynəlxalq səviyyədə tanıdılması üçün mühüm mədəni resursdur".

“Əslində burada çox mühüm bir tarixi məntiq var: Əcəminin yaratdığı əsər qorunur, Əcəminin özü isə abidə ilə əbədiləşdirilir”, – deyə Fətəli Axundzadə fikrini yekunlaşdırıb.