Deputat: Naxçıvanın gələcəyinə yeni səhifə açılır
“Naxçıvanın gələcəyinə hesablanan strateji inkişaf xətti artıq konkret layihələr və real nəticələrlə müşayiət olunur”.
Bunu "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, səfər çərçivəsində sənaye, energetika, nəqliyyat, sosial infrastruktur, şəhərsalma, tarixi-mədəni irsin qorunması və müdafiə sahələrini əhatə edən layihələrin təqdim olunması Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
“Bu gün Naxçıvana münasibətdə əsas hədəf yalnız ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsi deyil. Məqsəd muxtar respublikanın iqtisadi potensialını tam hərəkətə gətirmək, yeni istehsal sahələri yaratmaq, məşğulluğu artırmaq, nəqliyyat imkanlarını genişləndirmək və Naxçıvanın Azərbaycanın ümumi iqtisadi inkişaf sisteminə daha sıx inteqrasiyasını təmin etməkdir”, – deyə Ülviyyə Həmzəyeva qeyd edib.
Deputat Naxçıvan Sənaye Parkının yaradılmasını iqtisadi inkişafın mühüm dayaqlarından biri kimi qiymətləndirib. O vurğulayıb ki, sənaye müəssisələrinin formalaşdırılması, yerli istehsalın genişləndirilməsi və sahibkarlığın təşviqi iqtisadiyyatın şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına və gələcəkdə ixrac imkanlarının artırılmasına şərait yaradacaq.
Ülviyyə Həmzəyevanın sözlərinə görə, Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır:
“Naxçıvanın dəmir yolu şəbəkəsinin yenidən qurulması muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin daha da möhkəmlənməsinə və ölkəmizin regional nəqliyyat strategiyasında mövqeyinin güclənməsinə imkan verəcək. Naxçıvanın coğrafi mövqeyi yeni reallıqlar fonunda mühüm üstünlüyə çevrilir. Muxtar respublika Azərbaycanı Türkiyə və daha geniş coğrafiya ilə birləşdirən mühüm nəqliyyat-logistika mərkəzi olmaq üçün böyük potensiala malikdir”.
Deputat Naxçıvanın yaşıl enerji potensialına da diqqət çəkib. O bildirib ki, bərpaolunan enerji layihələrinin genişləndirilməsi həm enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də gələcək sənaye və iqtisadi inkişaf üçün dayanıqlı baza yaradılmasına xidmət edir.
“Yaşıl enerjinin inkişafı Naxçıvanın Azərbaycanın bərpaolunan enerji strategiyasında rolunu daha da artıracaq. Bu, iqtisadi inkişafın müasir texnologiyalar, enerji təhlükəsizliyi və ekoloji dayanıqlılıqla paralel aparıldığını göstərir”, – deyə deputat əlavə edib.
Ülviyyə Həmzəyeva sosial layihələrin də yeni inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Regional DOST Mərkəzinin istifadəyə verilməsi, sosial evlər kompleksinin yaradılması, yeni iş yerlərinin açılması və Naxçıvan şəhərinin uzunmüddətli inkişaf planının hazırlanması əhalinin rifahının yüksəldilməsinə yönəlmiş mühüm addımlardır.
Deputat tarixi-mədəni irsin qorunmasının da diqqətdə saxlanılmasını xüsusi əhəmiyyətli hesab edib. O bildirib ki, Möminə xatun türbəsində aparılan bərpa işləri və Əcəmi Naxçıvaninin irsinə göstərilən diqqət müasir inkişafla milli irsin qorunmasının vəhdətini nümayiş etdirir.
“Yeni Naxçıvan qurularkən onun tarixi simasının qorunması, qədim irsinin gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Müasir inkişafla milli kimliyin və tarixi yaddaşın qorunmasının vəhdəti həyata keçirilən siyasətin mühüm xüsusiyyətlərindəndir”, – deyə Ülviyyə Həmzəyeva bildirib.
Deputat sonda qeyd edib ki, Naxçıvanda həyata keçirilən layihələr muxtar respublikanın bütün sahələr üzrə sistemli inkişafına hesablanıb:
“Bu gün Naxçıvanda sənayedən energetikaya, nəqliyyatdan sosial xidmətlərə, şəhərsalmadan tarixi abidələrin bərpasına qədər genişmiqyaslı işlər görülür. Bu proses Naxçıvanın mövcud potensialını real inkişaf imkanlarına çevirir, onun Azərbaycanın iqtisadi və siyasi həyatındakı rolunu gücləndirir və qarşısında yeni perspektivlər açır”.
Ülviyyə Həmzəyevanın fikrincə, tarixi irsinə söykənən, müasir infrastruktura, güclü iqtisadiyyata və yeni strateji bağlantılara malik Naxçıvan Azərbaycanın gələcək inkişafında mühüm ünvanlardan birinə çevriləcək.








