Naxçıvanın yeni iqtisadi xəritəsi: üç sütun, bir strategiya - ŞƏRH
Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı son günlər qəbul edilən qərarlar regionun gələcək iqtisadi inkişaf modelinin əsas istiqamətlərini müəyyənləşdirir. Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova “NAXÇIVANXƏBƏRLƏRİ”-nə açıqlamasında bildirib ki, bu qərarların əsas əhəmiyyəti onların ayrı-ayrı layihələr deyil, bir-birini tamamlayan vahid inkişaf strategiyasının tərkib hissəsi olmasıdır.
Onun sözlərinə görə, Naxçıvan üçün açıqlanan qərarların əsas dəyəri onların ayrı-ayrı layihələr kimi deyil, bir-birini tamamlayan vahid inkişaf strategiyası kimi qurulmasındadır. Sənaye Parkı istehsal bazası, enerji layihələri enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu isə bazara çıxış imkanları yaradır. 258 milyon manatlıq dövlət dəstəyi bütün bu istiqamətlərin maliyyə təməli rolunu oynayır.
İqtisadçı alim Naxçıvan Sənaye Parkının 310 hektar ərazidə yaradılmasını regionun iqtisadi strukturunda mühüm dəyişikliklərin başlanğıcı kimi qiymətləndirib. O vurğulayıb ki, burada əsas məqsəd yerli xammalın emalından hazır məhsul istehsalına, logistika, satış və ixraca qədər bütöv dəyər zəncirinin formalaşdırılmasıdır.
Mehriban İmanovanın fikrincə, sənayeləşmənin uğuru birbaşa enerji təminatı ilə bağlıdır. Sabit və əlçatan enerji investorların qərarlarına təsir edən əsas amillərdən biridir. Bu baxımdan Naxçıvanın günəş enerjisi potensialından istifadə edilməsi, “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında həyata keçirilən layihələr, eləcə də Ordubad rayonunda su elektrik stansiyasının tikintisinin nəzərdə tutulması xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisi üzərindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olması və Ordubad rayonunda su elektrik stansiyasının tikintisinin nəzərdə tutulması regionun enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Sənaye Parkı ilə yaşıl enerji potensialının paralel inkişafı Naxçıvanın investorlar qarşısında rəqabət üstünlüyünü artırır”, – deyə dosent bildirib.
İqtisadçı nəqliyyat infrastrukturunun yenilənməsini də Naxçıvanın yeni iqtisadi modelinin əsas sütunlarından biri hesab edir. Onun sözlərinə görə, dəmir yolu infrastrukturunun yenidən qurulması ilə yanaşı, kəndlərarası, şəhər və kənd yollarının əsaslı təmiri həm regiondaxili iqtisadi əlaqələri gücləndirəcək, həm də məhsulların bazarlara daha sürətli çıxarılmasına imkan verəcək.
“Burada iki səviyyəli nəqliyyat siyasəti formalaşır. Birinci səviyyə kəndlər, rayon mərkəzləri və Naxçıvan şəhəri arasında əlaqələrin yaxşılaşdırılmasıdır. Bu, xüsusilə kənd təsərrüfatı məhsullarının bazara çıxışını asanlaşdıracaq. Digər səviyyə isə Naxçıvanın Türkiyə ilə sərhəd mövqeyi və gələcək tranzit imkanları ilə bağlıdır. Dəmir yolu infrastrukturunun yenilənməsi regionu daha geniş bazarlara bağlayan mühüm keçid nöqtəsinə çevirəcək”, – Mehriban İmanova vurğulayıb.
O hesab edir ki, bütün bu layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi Naxçıvanın iqtisadi simasını dəyişə, yeni iş yerlərinin yaradılmasına və regionun iqtisadi dayanıqlığının daha da güclənməsinə şərait yaradacaq.
“Bu baxımdan 12 avqust tarixində imzalanmış Sərəncamla ayrılan 258 milyon manatlıq dövlət maliyyə dəstəyi Naxçıvan üçün xüsusi əhəmiyyət kəsb edir. Bu vəsaiti yalnız maliyyə yardımı kimi deyil, yeni inkişaf modelinin maliyyə sütunu kimi qiymətləndirmək lazımdır”, – deyə Mehriban İmanova əlavə edib.








