Ata ocağına səfər: Naxçıvanın yeni inkişaf mərhələsi

Ata ocağına səfər: Naxçıvanın yeni inkişaf mərhələsi

12 Avqust 2026

Tarix elə məqamlar yaradır ki, həmin anlar təkcə bir bölgənin deyil, bütöv bir dövlətin gələcəyini müəyyənləşdirən dönüş nöqtəsinə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər səfəri də məhz belə məqamlar sırasındadır. Bu səfərlər yalnız yeni obyektlərin açılışı, yeni layihələrin təməlqoyması və ya keçirilən müşavirələrlə məhdudlaşmır. Bu səfərlər ata ocağına ehtiramın, dövlətçilik ənənələrinə sədaqətin və Azərbaycanın gələcəyinə hesablanmış siyasi iradənin təzahürüdür.

Naxçıvan adi coğrafi məkan deyil. Bu torpaq Azərbaycan dövlətçiliyinin ən çətin günlərində milli iradənin sarsılmaz qalasına çevrilmiş, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə xalqın ümid yerinə dönmüş müqəddəs yurd yeridir. Prezident İlham Əliyevin bu torpağa hər gəlişi keçmişə ehtiramla yanaşı, gələcəyə verilən yeni inkişaf mesajıdır.

Uzun illər Ermənistanın tətbiq etdiyi blokada şəraitində yaşayan Naxçıvan bəlkə də dünyanın ən ağır iqtisadi və nəqliyyat məhdudiyyətləri ilə üzləşən bölgələrindən biri olub. Onillərlə insanlar yolların, kommunikasiya xətlərinin, iqtisadi əlaqələrin məhdudluğu şəraitində yaşayaraq öz zəhmətləri, dözümləri və Vətən sevgiləri ilə bu torpağı ayaqda saxlayıblar. Blokada Naxçıvanı sınağa çəkdi, lakin sındıra bilmədi. Çünki bu xalq heç vaxt çətinlik qarşısında geri çəkilməyi seçməyib.

Bu gün isə qarşıda tamam başqa vəzifələr dayanır. Artıq söhbət yalnız mövcud vəziyyəti qorumaqdan deyil, yeni inkişaf mərhələsini sürətləndirməkdən gedir. Dövlət başçısının müəyyən etdiyi islahat kursu idarəetmədə şəffaflığın, məsuliyyətin, operativliyin və vətəndaş məmnunluğunun əsas meyara çevrilməsini tələb edir.

Lakin hər bir islahat yalnız qərarlarla deyil, onu həyata keçirən insanların fəaliyyəti ilə uğur qazanır. Onillərlə formalaşmış köhnə idarəçilik stereotiplərinin qısa müddətdə dəyişməsi asan proses deyil. İllərlə yığılıb qalmış problemlər, bürokratik vərdişlər, təşəbbüsdən uzaq düşüncə tərzi və yeniliyə müqavimət göstərən idarəetmə mədəniyyəti bəzən inkişafın sürətini azaldan amillərə çevrilə bilir.

Məhz buna görə də bu gün dövlət idarəçiliyində aparılan kadr islahatlarının əsas məqsədi yalnız vəzifə dəyişikliyi deyil. Əsas məqsəd yeni düşüncə tərzinin formalaşdırılması, dövlət maraqlarını şəxsi maraqlardan üstün tutan, vətəndaşa xidmət etməyi özünün başlıca vəzifəsi hesab edən idarəçilərin önə çıxarılmasıdır.

Azərbaycanın inkişaf strategiyası göstərir ki, islahatlar kağız üzərində qalmamalıdır. Onlar hər bir idarədə, hər bir müəssisədə, hər bir məmurun gündəlik fəaliyyətində öz əksini tapmalıdır. Əks halda, köhnə idarəçilik vərdişləri, məsuliyyətsizlik, lənglik və yeniliklərə müqavimət cəmiyyətin gözləntiləri ilə dövlətin müəyyən etdiyi inkişaf tempini uzlaşdırmağa mane ola bilər. Buna görə də hər bir dövlət qulluqçusunun qarşısında aydın seçim dayanır: dəyişən Azərbaycanın ritmi ilə addımlamaq və ya köhnəlmiş yanaşmalardan imtina etmədiyi üçün zamanın gerisində qalmaq.

Naxçıvanın bugünkü siması göstərir ki, dövlətin siyasi iradəsi olduqda ən çətin problemlərin belə həlli mümkündür. Yeni yollar, istehsal sahələri, sosial layihələr və infrastruktur obyektləri bunun əyani sübutudur. Lakin tikilən binalardan daha vacibi, qurulan yeni idarəçilik mədəniyyətidir. Çünki dayanıqlı inkişaf yalnız müasir idarəetmə ilə mümkündür.

Ata ocağına edilən hər səfər keçmişə ehtiramın, bu günə məsuliyyətin və gələcəyə inamın ifadəsidir. Bu səfər mənəvi dəyər daşımaqla bərabər həm də bir çağırışdır: Naxçıvanın potensialı tam reallaşdırılmalı, illərlə yığılıb qalmış problemlər ardıcıl şəkildə aradan qaldırılmalı, dövlətin müəyyən etdiyi inkişaf xətti bütün səviyyələrdə eyni məsuliyyətlə həyata keçirilməlidir.

Naxçıvanın gələcəyi blokada ilə deyil, inkişafla, təcridlə deyil, yeni imkanlarla, köhnə vərdişlərlə deyil, müasir idarəçilik prinsipləri ilə müəyyən olunmalıdır. Bu yol məsuliyyət, peşəkarlıq və dövlətə sədaqət tələb edir. Tarix dəfələrlə sübut edib ki, Azərbaycan çətinliklərdən güclənərək çıxmağı bacaran dövlətdir. Bu gün Naxçıvan da həmin güclü dövlətin yeni inkişaf salnaməsini yazır

Əlövsət HÜSEYNQULİYEV 

Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri, Antiterror və təhlükəsizlik üzrə ekspert