
Fuad Nəcəfli: Naxçıvan büdcəsinin dotasiyadan asılılığı azalıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Naxçıvan Muxtar Respublikasında aparılan islahatların nəticəsi olaraq dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi əhəmiyyətli dərəcədə azalıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, bunu Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2022-ci ildə 425 milyon manat olan dotasiya 2025-ci ilin 7 ayında 120 milyon manata qədər azalıb. Bu isə muxtar respublikada görülən işlərin müsbət nəticəsini göstərir.
“Möhtərəm Prezidentimizin tapşırıqlarının icrası istiqamətində görülən işlər sayəsində iqtisadi göstəricilərdə ciddi artım qeydə alınıb. 2025-ci ilin 7 ayı ərzində ÜDM istehsalı 4,8% artaraq 927,3 milyon manat, əhalinin hər nəfərinə düşən ÜDM isə 4,3% artaraq 1967,1 manat olub. Əsas kapitala yönələn investisiyalar 45,9% artaraq 118,4 milyon manata, sənaye məhsulu istehsalı 14% artaraq 297,5 milyon manata çatıb. Pərakəndə ticarət dövriyyəsi 3,7% artaraq 789,4 milyon manat, ödənişli xidmətlərin həcmi isə 5,8% artaraq 120,2 milyon manat təşkil edib”, - deyə Fuad Nəcəfli vurğulayıb.
Səlahiyyətli nümayəndə bildirib ki, iqtisadi fəal əhalinin sayı 273 min nəfərə, məşğul əhalinin sayı isə 260 min nəfərə yüksəlib. Orta aylıq əməkhaqqı isə 6,3% artaraq 826 manata çatıb.
Bundan əlavə, büdcə xərclərinin 64%-i yerli yığımlar hesabına maliyyələşdirilib ki, bu da proqnoz göstəricidən (47,33%) yüksəkdir. Vergi daxilolmalarında da ciddi artım qeydə alınıb: fiziki şəxslərin gəlir vergisi 19%, hüquqi şəxslərin mənfəət vergisi 8%, ƏDV 34%, aksiz 34%, mədən vergisi isə 22% artıb.
Fuad Nəcəfli həmçinin qeyd edib ki, dövlət mülkiyyətində olan torpaq və daşınmaz əmlakın icarəsindən gəlirlər də kəskin artıb. Torpaqların icarəsindən gəlir 42% artaraq 217,3 min manata, daşınmaz əmlakın icarəsindən gəlir isə 5,7 dəfə artaraq 334 min manata çatıb.
“Cari ilin 7 ayında iqtisadiyyata kredit qoyuluşu 33% artaraq 252,5 milyon manata, əhalinin banklardakı əmanətləri 57% artaraq 31,8 milyon manata çatıb. Nağdsız ödənişlərin həcmi 31% artaraq 592,3 milyon manat, bank hesablarının sayı 11%, ödəniş terminallarının sayı isə 85% artıb”, - deyə Səlahiyyətli nümayəndə bildirib.