“İdrak” liseyində baş verən insidentlə bağlı Mətbuat Şurası mediaya xəbərdarlıq edib
“İdrak” liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, hadisənin işıqlandırılması zamanı bəzi media nümayəndələrinin davranışları tənqid olunub. Azərbaycan Mətbuat Şurası bununla bağlı açıqlama yayaraq jurnalistləri peşə etikası qaydalarına riayət etməyə çağırıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Şura bildirib ki, hadisə ilə bağlı lisey şagirdindən açıqlama alınması və yayılması “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na ziddir. Qeyd olunub ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.9-cu bəndinə əsasən, jurnalistlər uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, onların hüquqlarına hörmətlə yanaşmalı, valideynlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməlidir.
Açıqlamada vurğulanıb ki, daha vacib ictimai əhəmiyyət kəsb edən hallar istisna olmaqla, jurnalistlər uşaqların şəxsi həyatı ilə bağlı məlumatları və fotoşəkilləri dərc etməməli, xüsusilə faciə və ya cinayət hadisələrindən zərər çəkmiş, yaxud bu cür hadisələrə cəlb edilmiş uşaqların kimliyini qorumalıdır. Şura təəssüflə qeyd edib ki, “İdrak” liseyindəki insidentlə bağlı təqdimatda bu tələblərə əməl olunmayıb.
Mətbuat Şurası həmçinin bildirib ki, şagirdlə aparılan müsahibə və müsahibə zamanı nümayiş etdirilən davranış “Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması” adlı 5-ci prinsipin tələblərinə də uyğun deyil. Qurum xatırladıb ki, “ictimai əhəmiyyət” anlayışı “ictimaiyyət üçün maraqlı” informasiya ilə qarışdırılmamalıdır.
Şura jurnalistləri rezonans doğuran hadisələrin işıqlandırılmasında emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və peşəkar davranış nümayiş etdirməyə çağırıb. Bildirilib ki, həssas yanaşma jurnalist peşəkarlığının əsas göstəricilərindən biridir və yalnız yüksək məsuliyyətlə hazırlanan materiallar cəmiyyətin informasiya tələbatını düzgün şəkildə qarşılayır.








